XX əsrin ikinci yarısı və müstəqillik illərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İsmayıl Şıxlı həm də bir müəllim kimi minlərlə tələbənin yaddaşında dərin iz buraxmış şəxsiyyətdir. Onun dərs dediyi Pedaqoji İnstitutun filologiya fakültəsi keçən əsrin 70-ci illərində də ölkəmizdə filologiya elminin, pedaqogika və metodikanın öncüllərindən idi.
Biz – əksəriyyəti kənd rayonlarından gələn birinci kurs tələbələri birdən- birə sakit kənd mühitindən qaynar şəhər həyatına, elm mühitinə düşür, özümüzü qeyri-adi bir aləmdə hiss edirdik. Filologiya fakültəsində bu gün də adı ehtiramla səslənən böyük alimlər, mahir pedaqoqlar dərs deyirdi. Onlardan biri də adını “Ayrılan yollar”, “Dəli Kür” kimi geniş oxucu kütləsi rəğbətini qazanmış romanlardan tanıdığımız İsmayıl Şıxlı idi.
O vaxtlar xarici ölkələr ədəbiyyatı ilə bağlı elmi kitablar az idi. Bizim kursda oxuyan tələbələr seminarlara, məqbul və imtahanlara hazırlaşanda elmi ədəbiyyat tapmaqda çətinlik çəkirdi. Birinci kursda oxuyanda müəllimlərimiz İsmayıl Şıxlı, Məmmədsəlim Tahirli, Məmmədbağır Həyatzadənin yenicə nəşr olunan “XYIII əsr xarici ədəbiyyat tarixi” kitabı dadımıza çatdı. Həmin kitabı müəllimimdən dəyərli bir xatirə kimi indi də şəxsi kitabxanamda saxlayıram.
İsmayıl Şıxlının şəxsiyyəti, bədii, pedaqoji fəaliyyəti vəhdət təşkil edirdi. Bütün ömrü boyu xalqının tərəqqisi naminə yazıb-yaradan, onu düşündürən problemlərdən öz çıxışlarında, mühazirələrində, tələbələrlə ünsiyyətində söz açan yazıçı, həm də alim, müəllim kimi qədirbilən oxucularının, minlərlə tələbələrinin qəlbində yaşamaqdadır.
İsmayıl Şıxlı bizim birləşmədə xarici ölkələr ədəbiyyatından mühazırə dərsləri aparırdı. Elə ilk dərsdə hamımız başa düşdük ki, bəxtimiz gətirib, qeyri-adi bir şəxsiyyətlə qarşılaşmışıq. O, səlis, aydın, axıcı nitqi, xeyirxahlığı, ağayana davranışı, elmi siqləti ilə seçilən mühazirələri ilə bizdə dərin təəssürat oyatdı. O gündən başlayaraq müəllimimizin hər dərsini intizarla gözləyirdik.
İsmayıl Şıxlı böyük sənətkar olmaqla yanaşı, həm də mahir alim- pedadoq idi. Onun dərslərində biz dünya ədəbiyyatının Homer, V.Şiller, T.Drayzer, D.Defo, C.Svift, Volter, D.Didro, I.Russo, Bomarşe, Höte və digər korifeylərinin zəngin, çoxcəhətli yaradıcılığını öyrənir, xarici ölkələr ədəbiyyatı incilərini müəllimimizin maraqlı, cəlbedici təqdimləri ilə qavrayırdıq.
İsmayıl müəllimin özünəməxsus tədris üsulu var idi. Elə ilk dərsdə bizə dünya ədəbiyyatından 150-dək əsərin siyahısını yazdırdı. Dedi ki, bu əsərləri imtahana qədər mütləq oxumalısınız. İmtahana qədər oxuduğunuz hər əsər haqqında hesabat verməlisiniz. Kim bu əsərlərin hamısını oxuyub təhvil versə, imtahanda yalnız bilet çəkəcək, sorğu-sualsız əla qiymət alacaqdır. Özü də oxuduğumuz əsərlər haqqında hesabat vermək üşün dərsi gözləmək lazım deyildi, tənəffüsdə, kafedrada həmişə İsmayıl müəllimə yanaşa bilərdik.
İsmayıl müəllim həmişə özü ilə tələbələrin mütaliəsi ilə bağlı qeydlər aparmaq üçün xüsusi dəftərçə gəzdirirdi. Burada hər qrupun tələbələrinin adı, soyadı və oxunacaq əsərlərin siyahısı qeyd olunmuşdu. Mən bütün əsərləri oxuyub imtahana qədər müəllimimə hər biri barədə hesabat verdim. Mütaliə barədə hesabat, “təhvilvermə” aşağıdakı şəkildə aparılırdı: Oxuduğu əsərin adını deyən tələbə müəllimin onun məzmunu ilə bağlı gözlənilməz sualına cavab verməli idi.
İsmayıl müəllimin bu tapşırığı ürəyimdən oldu. Çünki orta məktəbdən kitab, mütaliə həvəskarı idim. Məktəb və kənd kitabxanasını ələk-vələk eləmiş, yaşıma, qavrama səviyyəmə uyğun olan-olmayan xeyli əsər oxumuşdum. Ona görə də siyahıdakı əsərlərin hamısını imtahana qədər oxudum. Hər əsəri oxuduqdan sonra tənəffüslərdə İsmayıl müəllimə yanaşıb onun suallarına cavab verirdim. O, hər dəfə dəftərçəsindəki siyahıda üstəgəl işarəsi qoyub razılığını bildirirdi.
“Xarici ölkələr ədəbiyyatı” fənnindən imtahan günü gəlib çatdı. Bileti çəkib birbaşa suallara cavab vermək istəyəndə İsmayıl müəllim tövsiyə etdiyi əsərlərin mütaliəsi barədə qeydlər apardığı dəftərçəsinə baxdı. Məqbul kitabçamı alıb dedi ki, biletdəki suallara cavab verməyə ehtiyac yoxdur, bütün əsərləri oxumusan. Mən biletdəki suallara cavab verməyə də hazır olduğumu desəm də, müəllim biletdəki sualları soruşmadan qiymət kitabçama “əla” yazdı.
Pedaqoji institutun A.Bakıxanov küçəsindəki 2 saylı yataqxanasında qalırdım. Yataqxanada qalan bəzi tənbəl tələbələr müəllimin tapşırdığı əsərləri oxumayıb imtahanqabağı əl-ayağa düşür, əlaçı, yaxşı oxuyan tələbələrə yanaşıb bu və ya digər əsərin qısa məzmununu ona danışmağı xahiş edirdilər. Bu yolla “hazırlaşıb” İsmayıl müəllimə yanaşanlar onun gözlənilməz sualları qarşısında aciz qalıb ifşa olunurdular.
Yadımdadır, özünü fakültədə şair kimi tanıtdırmağa çalışan bir tələbə yoldaşım yataqxanada məndən Ernest Heminqueyin “Qoca və dəniz” əsərinin məzmununu danışmağımı xahiş etdi. Başa düşdüm ki, əsəri oxumayıb, bu yolla İsmayıl müəllimə hesabat vermək istəyir. Yataqxana həyatının özəlliklərini, tələbə həmrəyliyini nəzərə alıb “yox” demədim, əsərin qısa məzmununu ona danışdım. Mənə razılığını bildirib ayrıldı. Lakin axşam yataqxanada həmin tələbəni pərt, qanıqara halda gördüm. Məlum oldu ki, İsmayıl müəllim ondan qoca balıqçının dənizin ortasında tutduğu balığı sahildə çəkəndə neçə kiloqram gəldiyini soruşmuş, tələbənin dediyi rəqəm düz çıxmamışdı. Çünki o bilməmişdi ki, qoca balıqçı nə qədər çalışsa da, sahilə tutduğu nəhəng balığın ancaq skeletini çıxarıb. Tələbənin əsəri oxumadığını, qısa məzmununu başqalarından öyrəndiyini başa düşən İsmayıl müəllim ona povesti diqqətlə oxumağı və yenidən hesabat verməyə gəlməyi tapşırmışdı.
Həmin tələbə ilə imtahan ərəfəsində bir də qarşılaşdım. Müəllimin tapşırdığı əsərləri vaxtında oxumadığına görə imtahanda bilet çəkib suala cavab verməli idi. Qaldığımız yataqxanada imtahan ərəfəsində yenə də mənə yaxınlaşıb İsmayıl müəllimin mühazirələrini yazdığım dəftəri hazırlaşmaq üçün ona veməyimi xahiş etdi. Bildirdi ki, yaxşı hazırlaşa bilməyib, çox güman ki, imtahandan kəsiləcək.
Mən sevimli müəllimimin mühazirələrini yüksək dəyərləndirir, demək olar ki, bütün söylədiklərini sözbəsöz ümumi dəftərdə yazırdım. Bunu çoxları bilirdi. Odur ki, dəftəri verməyə tərəddüd etdim. Sanki ürəyimə nə isə dammışdı. Amma bilirdim ki, bütün mühazirələrin yazıldığı dəftəri verməsəm, tələbə yoldaşım imtahanda kəsiləcək. Ona görə də könülsüz də olsa, razılaşdım. Dönə-dönə tapşırdım ki, imtahandan çıxan kimi mühazirə dəftərimi qaytarsın. Səhəri gün həmin tələbədən dəftərimi geri almaq istəyəndə sevincək imtahandan “kafi” aldığını, dəftəri isə itirdiyini söylədi. Üzə vurmasam da, başa düşdüm ki, nə qədər zəif tələbə olsa da, İsmayıl müəllimin mühazirələrini oxuyanda onun elmi dəyərini başa düşmüş, özündə saxlamaq qərarına gəlmişdir… Bu, əslində hətta zəif tələbənin də mənim dəftərimə deyil, İsmayıl müəllimin mühazirələrinə verdiyi dəyər idi.
İsmayıl Şıxlı öz ideyalarını gənc nəslə çatdırmaq üçün müxtəlif vasitələrdən istifadə edirdi. O, öz dərslərində səlis, aydın bir dillə tələbələrə milli mənəvi-estetik dəyərlərə bağlılıq hissi aşılayır, bunun üçün bədii sözün qüdrətindən məharətlə istifadə edirdi. Onun hər dərsində biz müəllim-yazıçı sözünün qeyri-adiliyini hiss edirdik. Bir dəfə o, sovet ideologiyasının insanlara mənfi təsirini bizə cəbhədən yenicə qayıtmış, yazıçı olmaq istəyən bir gəncin nümunəsində qarşılaşdığı ibrətamiz xatirəni söyləməklə başa saldı: “Müharibə təzəcə qurtarmışdı. Mən cəbhədən qayıdıb şəhərdə qalmağa ev, iş yeri axtarırdım. Çox axtarışdan sonra bir binanın zirzəmisində yerləşən redaksiyada işə düzəldim. Bir gün redaksiyaya əynində əsgər paltarı olan bir gənc gəldi. O vaxt müharibə qurtarsa da, əsgərlikdən tərxis olunub gələnlər imkansızlıq ucbatından hələ uzun müddət hərbi geyimdə gəzirdilər. Mən özüm də hərbi geyimdə idim. Əsgər masama yaxınlaşıb bir şagird dəftərini mənə uzadaraq dedi: “Müharibədən bir hekayə yazmışam, istəyirəm çap edəsiniz.”
Dəftəri alıb hekayəni diqqətlə oxudum. Əsər müharibənin ən ağır günlərində alman faşistləri ilə döyüşən sovet əsgərinin qəhrəmanlığından bəhs edirdi. Düşmən bizim əsgərlərin sığındığı səngərə toplardan, tanklardan, təyyarələrdən atəş açır, bütün itkilərə baxmayaraq irəliləyir. Hekayənin qəhrəmanı döyüş zamanı ağır yaralanır. Yanında bombanın partlaması nəticəsində ayağı üzülüb dəridən asılı qalır. Faşistin ona tuşladığı avtomatı görəndə, əlacsız qalan yaralı əsgər çıxış yolunu ayağını üzüb faşistin başına çırpmaqda görür.”
İsmayıl müəllim bu əhvalatı danışmaqla əslində sovet ədəbiyyatında sənət və həyat həqiqətlərinə sadiqlik problemini diqqətimizə çatdırır, ideoloji qəliblərdən, yalançı pafos və şüarçılıqdan uzaqlaşmağın zəruriliyini göstərirdi. O qeyd edirdi ki, bu müharibədə döyüşçülərimiz misilsiz qəhrəmanlıq nümunələri göstərmiş, milyonların qanı ilə suvarılmış torpaqlarda addım-addım irəliləyərək düşməni öz yuvasında məhv etmişdir. Saysız-hesabsız qəhrəmanlıq nümunələri olduğu halda, uydurma, ağlasığmaz döyüş səhnələr yaratmağa heç bir ehtiyac yoxdur.
İsmayıl müəllim, adətən, tənəffüslərdə dekanlığa, kafedraya getməyib ya koridorda gəzər, ya da pəncərə önündə dayanıb küçəyə baxar, ona yaxınlaşan tələbələrlə sakitcə söhbət edərdi. Tələbələrə qarşı çox diqqətli, qayğıkeş idi. Biz bilirdik ki, o, maddi ehtiyacı olan, çətinlik içində yaşayan tələbələrə heç kəsə bildirmədən hər ay öz maaşından yardım göstərir.
O vaxt filologiya elmləri doktoru, professor Ramazan Qafarovla bir kursda oxuyurdum. Fakültənin fəal, ictimaiyyətçi tələbələrindən olan, bədii yaradıcılığa meyl edən Ramazan yazdığı romanı məsləhət almaq üçün İsmayıl müəllimə təqdim etmişdi. Tələbənin roman yazması İsmayıl müəllimi heyrətləndirmiş, əsəri oxuduqdan sonra ona məsləhətlər vermiş, bədii yaradıcılığını davam etdirməyə həvəsləndirmişdi.
İsmayıl Şıxlı bir müəllim kimi saflıq, mənəviyyat mücəssəməsi idi. Cəmiyyətdəki, ali məktəb mühitindəki neqativ hallar onu çox narahat edirdi. Yadımdadır, mühazirədə bir əsər barədə mülahizələrini söylərkən belə bir fikir dedi: “Əvvəllər insanlara ikiüzlü deyirdilər. İndu qlobusdur.”
İ.Şıxlıya həmkarları da böyük ehtiramla yanaşırdı. Görkəmli tənqidçi, unudulmaz müəllimim Əhəd Hüseynov bir dəfə öz mühazirə dərsində dedi: “Bu gün bir daha əmin oldum ki, İsmayıl Şıxlı böyük yazıçıdır.” Bizim bu əminliyin səbəbi haqqında sualımıza cavab olaraq bildirdi:“Dəli Kür” romanını yenidən oxuyurdum. Əsərdə diqqətimi belə bir cümlə cəlb etdi. “Kəndin içindən bir yol keçirdi. Qarışqalar yolun içindən yol salmışdı.” Bu cür müşahidə ancaq böyük sənətkarlara xas olan cəhətdir. Qarışqaların yolun içindən yol salmasını çox adam görüb, ancaq buna dərin fəlsəfi məna vermək hər adamın işi deyil.” Sonralar mən tənqidçi alimin həmin cümlədə nə qeyri-adilik gördüyü barədə çox düşündüm. Bu qənaətə gəldim ki, yazıçı bu cümlə ilə “Dəli Kür”ün qəhrəmanlarının hər birinin fərqli taleyinə, həyatda öz yolunun, seçiminin, mövqeyinin olmasına işarə etmişdir. Yəni ümumən həyat adlanan bir ömür yolu vardır. Amma bu yolda hərənin özünəməxsus izi, cığırı olur.
İsmayıl müəllim bir şəxsiyyət, yazıçı, müəllim kimi tələbələr üçün nümunə idi. Biz ona böyük ehtiram bəsləyir, mühazirələrində söylədiyi fikirlərdən, təmkinli, vüqarlı davranışından, nitqindən, ətrafdakılara münasibətindən çox şey görüb-götürürdük.
İnstitutu fərqlənmə diplomu ilə birtirib təyinatla kənd məktəbində işləməyə başladım. Artıq əziz müəllimimlə institut auditoriyalarında yox, mətbuatdakı yazılar, televiziya verilişləri, yeni nəşr olunan əsərləri vasitəsilə ünsiyyətdə olurdum. Xalqımızın erməni işğalçılarının fitnəsi ilə bağlı azadlıq mübarizəsi başlayanda İsmayıl Şıxlını digər vətənpərvər ziyalılarımızla yanaşı, milyonlarla insanın toplaşdığı meydanın tribunasında, daha sonralar Milli Məclisdə gördüm. Öz vətənini böyük məhəbbətlə sevən bu nəhəng şəxsiyyət ən ağır günlərdə də xalqının yanında idi, onun kədərinə şərik olur, mübarizənin ön sıralarında gedirdi.
Fəxr edirəm ki, bu gün müəllifi olduğum yeni nəsil “Ədəbiyyat” dərsliklərinə öz müəllimimin əsərlərini daxil etməklə qismən də olsa, tələbəsi kimi vəfa borcumu yerinə yetirmişəm. Bu gün ümumtəhsil məktəblərində təhsil alan minlərlə şagird IX sinifdə “Namərd gülləsi” hekayəsini, XI sinifdə ədibin həyat və yaradıcılığını, “Dəli Kür” romanını öyrənir, böyük sənətkarın milli mənəvi dəyərlərimizi əks etdirən bədii irsi ilə tanış olur. Xalqımızın böyük oğlu, görkəmli yazıçı, əziz müəllimim İsmayıl Şıxlı haqqında düşünəndə Səməd Vurğunun ölməz misraları yadıma düşür:
Ölüm sevinməsin qoy, ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər.
Bilal Həsənli
ADPU-nun dosenti, pedaqogika üzrə fəlsəfə doktoru. Əməkdar müəllim
