Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının lideri Ursula fon der Leyenin başçılıq etdiyi nümayəndə heyəti Aİ-Çin Sammiti ilə əlaqədar olaraq Pekinə səfər etməyi planlaşdırırlar.
Gundelik.az-ın məlumatına görə, bu barədə “South China Morning Post” mənbələrə istinadən xəbər verir.
Nəşr yazır ki, sammitin Çinin paytaxtı Pekində keçirilməsi qərarı Çin prezidenti Si Cinpinin Brüsselə getmək istəməməsi ilə əlaqədardır. Bildirilir ki, ona görə də Koşta və fon der Leyen Çin lideri ilə görüşmək üçün Pekinə getməli olduqları barədə razılığa gəliblər.
Nəşr qeyd edir ki, görüşün tarixi hələ razılaşdırılmayıb.
“Lakin Aİ liderlərinin səfərə hazır olması ABŞ prezidenti Donald Trampın Avropa mallarına tariflər tətbiq etməsi və onun Ukrayna münaqişəsi ilə bağlı mövqeyi kontekstində blokun ABŞ ilə münasibətlərinin faktiki olaraq pozulduğu bir vaxtda Pekinlə əlaqələri bərpa etmək üçün ciddi səy göstərdiyini göstərir”, – nəşrin məlumatında vurğulanıb.
Gundelik.az

