Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dayanıqlı maliyyə göstəricilərini nümayiş etdirməyə və güclü likvidlik mövqeyini qorumağa davam edir.
Gundelik.az xəbər verir ki, “Moody’s” beynəlxalq reytinq agentliyinin son proqnozuna əsasən, 2023–2025-ci illərdə 85–86 milyard manat (təxminən 50 milyard ABŞ dolları) səviyyəsində sabit qalan SOCAR-ın gəlirlərinin 2026-cı ildə yüksək neft qiymətləri hesabına təxminən 30 faiz artacaq.
Bununla yanaşı, agentlik qeyd edib ki, şirkətin maliyyə nəticələrinə ümumi satış həcminin təxminən 70 faizini təşkil edən ticarət əməliyyatlarındakı dəyişkənlik ciddi təsir göstərir.
“SOCAR-ın maliyyə göstəriciləri dayanıqlı olaraq qalır. Şirkətin gəlirləri 2023–2025-ci illərdə 85–86 milyard manat səviyyəsində olub və yüksək neft qiymətləri hesabına 2026-cı ildə təxminən 30 faiz artacaq. Bununla belə, gəlirlərə ümumi satışların təxminən 70 faizini təşkil edən ticarət əməliyyatlarındakı dəyişkənlik əhəmiyyətli təsir göstərir”, – deyə “Moody’s”in proqnozunda bildirilir.
Agentlik həmçinin şirkətin rentabelliyinin daha da yaxşılaşdığını qeyd edib.
Belə ki, “Moody’s” tərəfindən hesablanan faizlər, vergilər, amortizasiya və köhnəlmə çıxılmadan əvvəlki mənfəət (EBITDA) marjası 2023-cü ildə gəlirlərin 9,1 faizindən 2024-cü ildə 10,1 faizə yüksəlib, 2025-ci ildə isə 12,9 faizə çatıb.
Bununla yanaşı, 2025-ci ildə EBITDA göstəricisi əvvəlki illə müqayisədə 30 faiz artaraq 11,1 milyard manata (6,5 milyard ABŞ dolları) yüksəlib. Moody’s bunu əsasən Southern Gas Corridor QSC-nin (SGC) konsolidasiyası ilə izah edir. Belə ki, SGC-nin konsolidə edilmiş EBITDA-ya töhfəsi təxminən 6,5 milyard manat təşkil edib.
Agentliyin proqnozlarına görə, 2026–2027-ci illərdə EBITDA 11–12 milyard manat səviyyəsində yüksək olaraq qalacaq, EBITDA üzrə rentabellik isə neftin yüksək qiymətləri və İtaliyanın neft emalı şirkəti “Italiana Petroli”nin konsolidasiyası hesabına 10–11 faiz təşkil edəcək.
“Moody’s” həmçinin qeyd edib ki, SOCAR-ın hasilat seqmenti əsas rəqabət üstünlüklərindən biri olan aşağı hasilat maya dəyərini qoruyub saxlayır. Agentliyin şirkətə istinadən təqdim etdiyi məlumata görə, dəniz yataqlarında neft hasilatının maya dəyəri bir barel üçün təxminən 5 ABŞ dolları, quru yataqlarında isə təxminən 30 ABŞ dollarıdır. 2024-cü ildə hasilatın orta istehsal maya dəyəri təxminən bir barel üçün 12 ABŞ dolları olub.
Bundan əlavə, 2025-ci ildə SOCAR yüksək əməliyyat pul axınları, mülayim kapital xərcləri və səhmdara nisbətən aşağı ödənişlər hesabına ardıcıl beşinci il müsbət sərbəst pul axını (Free Cash Flow – FCF) əldə edib.
“Biz yüksək qiymətlər və biznesin genişlənməsi hesabına 2026–2027-ci illərdə sərbəst pul axınının daha da artacağını gözləyirik”, – deyə “Moody’s”də bildirilib.
“Moody’s” SOCAR-ın likvidlik mövqeyini də yüksək qiymətləndirib.
“2025-ci ilin sonuna olan vəziyyətə görə 15 milyard manat həcmində pul vəsaiti və depozit qalığı, 2026–2027-ci illərdə proqnozlaşdırılan 15,5 milyard manat həcmində əməliyyat pul axını, eləcə də 2026-cı ildə artıq cəlb edilmiş təxminən 3,4 milyard manat yeni borc həmin dövrdə 16,6 milyard manat məbləğində borc öhdəliklərinin ödənilməsi, 5,2 milyard manat kapital xərcləri və birləşmə və satınalma əməliyyatları üzrə 5,1 milyard manat həcmində xalis xərclərin qarşılanması üçün kifayət etməlidir”, – deyə “Moody’s”in proqnozunda qeyd olunub.
