Sentyabr 19, 2026
Baku
Siyasət

Zəfərdən Mütləq Suverenliyə

Dünyada hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaratmaq və inkişaf etdirmək onun ən böyük nailiyyəti hesab olunur. Azərbaycan xalqı da tarixin müxtəlif dövründə çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, öz müstəqilliyi yolunda mübarizə aparmış, heç bir qüvvə xalqımızın müstəqillik, azadlıq yolunda əzmini sındıra bilməmişdir. Bu yol müstəqilliyə, suverenliyə gedən yol idi. Bu mübarizənin nəticəsində Azərbauvan xalqı özünün qürurverici tarixlərindən birini yazdı – 20 Sentyabr Dövlət Suverenliyi Günü!

2024-cü il sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edilmişdir.

44 günlük Vətən müharibəsindən sonra, 2023-cü il senyabrın 19-da Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının torpaqlarımızdan çıxarılması, həmin ərazidə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusunun növbəti dəfə qələbə qazanması ilə Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu prosesin dönüş nöqtəsi idi. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan, ərazilərinin böyük hissəsini işğaldan azad etdi. 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatları nəticəsində Azərbaycan Ordusu mülki əhaliyə heç bir ziyan vurmadan Ermənistan silahlı qüvvələrinin qalıqlarını və qondarma rejimin tör-töküntülərini tərksilah etdi, onları ağ bayraq qaldırmağa məcbur etdi. Bu əməliyyatların nəticəsində qondarma separatçı rejim özünü buraxdığını elan etdi və bununla da Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi bərqərar olundu.

Bu tarixi gün, Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə başlanmış, onilliklər boyu davam etmiş çətin və şərəfli mübarizənin məntiqi sonu idi.

Bu gün tarixi Zəfərin qorunması, qanunun aliliyinin təmin edilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi, iqtisadi inkişaf Azərbaycanın qarşısında duran əsas vəzifələrdəndir. Buna görə də, dövlət suverenliyinin bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır. Suverenlik qürurumuz, gələcək qarşısında böyük məsuliyyətimizdir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvoludur.

Dövlət suverenliyinin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilməyə, öz doğma torpaqlarından didərgin salınmış insanların öz yerlərinə qayıtması üçün ardıcıl tədbirlər həyata keçirilməyə başlandı. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yerlərinə mərhələli şəkildə qayıdışı dövlət suverenliyinin yaratdığı yeni reallığın mühüm göstəricisidir.

Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Əsgəranda bayrağımızın dalğalanması böyük bir ədalətin, haqqın bərpa olunmasıdır. Bu, təkcə torpaqlarımızın qayıtması deyil, həm də xalqımızın başını dik tutması, öz gücünü bütün dünyaya sübut etməsidir.

Prezident İlham Əliyev bu tarixi anın mənasını çox gözəl ifadə edib:

“Bu zəfər tarixdə həmişə qalacaq. Bizdən sonra gələn nəsillər bu böyük Zəfərlə haqlı olaraq fəxr edəcəklər. Biz tarixi ədaləti bərpa etdik. Biz öz ləyaqətimizi bərpa etdik. Biz düşməni öz torpaqlarımızdan qovduq və öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etdik”.

Qəhrəman şəhidlərimizin xatirəsi əzizdir və daima xalqımızın yaddaşında qalacaq!

Samirə İmanova
ADU-nun Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru, Vedi Rayon İcması qadınlarla iş üzrə məsul şəxsi