Uelsin müxtəlif sahillərində yüzlərlə qeyri-adi mavi dəniz canlısı sahilə çıxıb.
Velella velella adlanan və “küləyin apardığı yelkənçilər” kimi tanınan bu canlılar Anqlsi, Qvinedd və Tenbi bölgələrinin çimərliklərində müşahidə edilib. Onlar məşhur “Portuqaliya gəmisi” (Portuguese man o’ war) ilə yaxın qohumdurlar.
Tenbi Cənub çimərliyində bu canlılardan birini görən təbiət həvəskarı Maksin Ellinson onun görünüşünü “kristala bənzər” adlandırıb.
Anqlsi Dəniz Zooparkının dəniz mütəxəssisi Franki Hobro bu canlıların çox gözəl göründüyünü desə də, insanlara onlara toxunmamağı tövsiyə edib. Çünki onların sancma qabiliyyəti var.
49 yaşlı Ellinson bildirib ki, bu canlı ilə ilk dəfə qarşılaşıb:
“Bu, möhtəşəm idi. Onlar çox gözəldirlər.”
“Küləyin apardığı yelkənçilər” adı onların bədəninin üst hissəsində yerləşən kiçik yelkənə bənzər quruluşdan gəlir. Bu quruluş küləyi tutaraq canlıların okean səthində hərəkət etməsinə kömək edir.
Hobronun sözlərinə görə, bu canlılar çox vaxt Portuqaliya gəmisi ilə səhv salınır. Lakin onlar daha kiçik ölçülü, daha parlaq mavi rəngli və ümumilikdə insanlar üçün daha az təhlükəlidirlər.
O bildirib:
“Bəzən bu canlıların böyük qrupları sahillərdə mavi rəngli zolaqlar yaradır. Günəş işığı onların üzərinə düşəndə isə sanki parıldayırlar. Bu mənzərə həqiqətən heyrətamizdir.”
Təxminən 7 santimetr uzunluğunda olan Velella velella özbaşına hərəkət edə bilmir. Fırtınalar və okean cərəyanlarının dəyişməsi nəticəsində sahilə sürüklənirlər.
Eyni cərəyanlarla hərəkət etdiklərinə görə, çox vaxt yüzlərlə fərd eyni anda sahilə çıxır.
Portuqaliya gəmisi kimi, bu canlılar da dəniz lalələri və mərcanlarla qohum olan çoxsaylı kiçik orqanizmlərin yaratdığı koloniyalardır. Onların sancıcı hüceyrələri mövcuddur.
Sancmaları Portuqaliya gəmisinin sancması qədər güclü olmasa da, mütəxəssislər onlara toxunmamağı məsləhət görürlər.
Franki Hobro deyib:
“Əlinizin dərisi qalın olduğundan sancmanı hiss etməyə bilərsiniz. Ancaq dodaq, üz və ya digər həssas nahiyələrə toxunsanız, ağrı və qarışqa gəzməsinə bənzər hiss yarana bilər.”
Mütəxəssis xəbərdarlıq edib ki, hətta sahilə çıxmış və ölmüş kimi görünən nümunələrin sancıcı hüceyrələri aktiv qala bilər. Buna görə də insanlara bu canlıları yalnız uzaqdan seyr etmək tövsiyə olunur.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
