İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Minlərlə insan saatlarla internetsiz qaldı, “Starlink” üzr istədi

İlon Maskın “Starlink” şirkəti dünyada minlərlə istifadəçinin saatlarla internetsiz qalmasına səbəb olan fasiləyə görə üzr istəyib.

Gundelik.az xəbər verir ki, bu barədə şirkətin “X” hesabında paylaşım edilib.

Yayımlanan bəyanatda deyilib: “Şəbəkə problemi həll edildi və “Starlink” xidməti bərpa edildi. Biz əlaqənin vacibliyini bilirik və narahatlığa görə üzr istəyirik”.

İlon Mask daha əvvəl şəxsən üzr istəmiş, mesajı öz hesabında paylaşmış və kəsilmənin qısamüddətli olacağını bildirmişdi: “SpaceX bu cür kəsilmələrin bir daha yaşanmaması üçün problemin qaynağını aradan qaldıracaq”.

İnternet kəsintisi 25 iyul GMT vaxtı ilə saat 23:30 radələrində başlayıb və bir neçə saat ərzində “Down Detector” monitorinq platforması minlərlə istifadəçi şikayəti qəbul edib.

130-dan çox ölkəyə xidmət göstərir

“Starlink” İlon Maska məxsus Amerikanın texnologiya şirkətidir. Aşağı orbitdə olan minlərlə kiçik peykdən ibarət sistem təxminən 130 ölkə və bölgəyə genişzolaqlı internet xidməti təqdim edir.

2025-ci ilin may ayından etibarən 7600-dən çox peykin aktiv olduğu bildirilərkən, bu sayın əvvəlcə 12 minə, sonra isə 34 min 400-ə çatdırılması planlaşdırılır.

İnternet kəsintisi Koloradodan Almaniyaya, Zimbabvedən Böyük Britaniyaya qədər ölkələrə təsir edib.

Uçuş məlumatları da təsirləndi

“Starlink” kəsilməsi təkcə fərdi istifadəçilərə deyil, bəzi korporativ sistemlərə də təsir edib. Uçuş izləmə xidməti olan “FlightRadar” “Starlink”in kəsilməsi səbəbindən məlumat axınının təxminən 5%-ni itirib.

Proqram təminatı xəta ilə əlaqədardır

“Starlink”in şəbəkə üzrə vitse-prezidenti Miçel Nikolls xidmətin kəsilməsi barədə ilk məlumat verildikdən təxminən 2,5 saat sonra əsaslı şəkildə bərpa edildiyini açıqlayıb.

Kəsintilərin səbəbi ilə bağlı Nikolls deyib: “Starlink”in əsas şəbəkəsində çalışan əsas proqram xidmətlərində xəta baş verib”.

Gundelik.az