Çində hüquq-mühafizə orqanları 19 il ərzində mərhum əkiz qardaşının kimliyindən istifadə edərək ədalətdən yayınan kişini həbs edib.
Gundelik.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Saxlanılan şəxs 2002-ci ildə baş vermiş quldurluq hadisəsində şübhəli bilinir. Həmin vaxt yeddi nəfər pul və qiymətli əşyalar əldə etmək məqsədilə bir şəxsi qaçırıb. Onlardan altısı saxlanılsa da, Çen soyadlı yeddinci cinayətkar qaçmağa nail olub.
Beş il sonra polis Çenin ölümcül yol qəzasına düşdüyü barədə məlumat alıb. Bundan sonra iş bağlanıb.
Lakin 19 il sonra aparılan planlı yoxlama zamanı polis gözlənilmədən mühüm izə rast gəlib. Məlum olub ki, bir kişi uzun illərdir əkiz qardaşının adı ilə yaşayır. Araşdırmaçılar arxiv məlumatlarını yenidən nəzərdən keçirərək onun axtarılan Çen olduğunu müəyyən ediblər.
Araşdırma zamanı məlum olub ki, yol qəzasında Çenin özü deyil, günahsız əkiz qardaşı ölüb. Çen isə bundan istifadə edərək qardaşının kimliyini mənimsəyib və uzun illər cinayət məsuliyyətindən yayınıb. Onun anası, bacısı və qonşuları da bu müddət ərzində saxtakarlığı gizlədiblər.
Qardaşların ailə üzvləri polislə əməkdaşlıq etməkdən imtina ediblər. Bununla belə, hüquq-mühafizə orqanları tezliklə mərhumun keçmiş nişanlısı barədə məlumat əldə ediblər. Qadın Çenin qardaşı ilə ailə qurmağa hazırlaşırmış, lakin qəzadan sonra qəfil münasibətlərini bitirib.
Keçmiş nişanlısı müstəntiqlərin şübhələrini təsdiqləyib. Nəticədə Çen 2026-cı ilin iyununda həbs olunub. Onu 3 ildən 10 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, daha əvvəl Hindistanda 25 il ərzində özünü polis əməkdaşı kimi təqdim edərək insanlardan pul tələb edən 64 yaşlı fırıldaqçının həbs olunması barədə məlumat yayılmışdı. Onun müxtəlif ştatlarda 17 cinayət işi üzrə adı keçib.
Nuri
Gundelik.az
