Gundelik.az Ölkə Sağlamlıq Mesajınıza cavab gəlməyəndə niyə narahat olursunuz? – Psixopedaqoqdan açıqlama
Sağlamlıq Xəbərlər

Mesajınıza cavab gəlməyəndə niyə narahat olursunuz? – Psixopedaqoqdan açıqlama

Müasir dövrdə mesajlaşma gündəlik ünsiyyətin ayrılmaz hissəsinə çevrilib. Xüsusilə gənclər arasında sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə ünsiyyət geniş yayıldığından, göndərilən mesaja vaxtında cavab almamaq bəzən narahatlıq, inciklik və müxtəlif mənfi düşüncələrə səbəb olur.

Bəs insan mesajına cavab gəlməyəndə niyə bu qədər narahat olur? Bu davranışın arxasında hansı psixoloji amillər dayanır?

Mövzu ilə bağlı psixopedaqoq Sevda Əliyeva Gundelik.az-a açıqlamasında bildirib ki, mesajın cavabsız qalması bəzi insanlarda qarşı tərəfin münasibətinə dair şübhələr yarada bilər. Xüsusilə emosional həssaslığı yüksək olan, münasibətlərdə təsdiq və diqqət gözləyən şəxslər bu vəziyyəti daha ağır qəbul edə bilərlər.

Onun sözlərinə görə, insan mesaj göndərdikdən sonra qarşı tərəfin reaksiyasını gözləyir. Cavab gecikdikdə isə beyin yaranmış qeyri-müəyyənliyi izah etməyə çalışır. Bu zaman “Görəsən, nəsə səhv etdim?”, “Məndən incidi?”, “Artıq mənimlə danışmaq istəmir?” kimi suallar ortaya çıxa bilər. Halbuki cavabın gecikməsinin çoxsaylı səbəbləri ola bilər: qarşı tərəfin məşğul olması, telefonu görməməsi və ya həmin anda ünsiyyətə vaxt ayıra bilməməsi.

Sevda Əliyeva qeyd edib ki, burada əsas məsələlərdən biri insanın hadisəni necə şərh etməsidir. Bəzən konkret məlumat olmadığı halda, şəxs vəziyyəti özünə qarşı münasibətlə əlaqələndirir və ən mənfi ehtimallara üstünlük verir. Bu isə narahatlığın artmasına və telefonun təkrar-təkrar yoxlanılmasına səbəb ola bilər.

Psixopedaqoqun fikrincə, sosial şəbəkələrdə ünsiyyətin sürətli olması da insanların gözləntilərinə təsir göstərir. Mesajların adətən qısa müddətdə cavablandırılmasına alışan şəxslər gecikməni adi hal kimi deyil, münasibətdə problem əlaməti kimi qəbul edə bilərlər. Lakin hər kəsin ünsiyyət vərdişi, gündəlik rejimi və telefondan istifadə tərzi fərqlidir.

Mütəxəssis vurğulayıb ki, mesajlara cavab verilməsini şəxsi dəyərin göstəricisi kimi qəbul etmək düzgün yanaşma deyil. İnsanın özünə münasibəti yalnız başqalarının ona nə qədər tez cavab verməsi ilə müəyyənləşməməlidir. Sağlam ünsiyyətdə qarşılıqlı diqqət və hörmət vacib olsa da, hər mesajın dərhal cavablandırılmasını gözləmək real deyil.

Sevda Əliyeva belə hallarda narahatlığı azaltmaq üçün bir neçə məqama diqqət yetirməyi tövsiyə edib. İlk növbədə, cavab gecikdikdə dərhal mənfi nəticə çıxarmamaq, alternativ izahları nəzərdən keçirmək və telefonu davamlı yoxlamaq vərdişini azaltmaq lazımdır. Diqqəti gündəlik fəaliyyətlərə yönəltmək, şəxsi maraqlara vaxt ayırmaq və rəqəmsal ünsiyyətdən müəyyən fasilələr vermək də faydalı ola bilər.

O əlavə edib ki, əgər mesajlara cavab gözləmək insanda davamlı narahatlıq yaradırsa, gündəlik fəaliyyətinə və münasibətlərinə mənfi təsir göstərirsə, bu hisslərin səbəblərini anlamaq üçün psixoloji dəstəyə müraciət etmək məqsədəuyğundur.

Nəticə etibarilə, mesajın cavabsız qalması hər zaman laqeydlik və ya münasibətin dəyişməsi demək deyil. Əsas məsələ qeyri-müəyyənliyi dərhal mənfi yozmamaq, qarşı tərəfin şəxsi sərhədlərinə hörmət etmək və öz emosional rahatlığını yalnız rəqəmsal ünsiyyətdən asılı vəziyyətə salmamaqdır.

Nuri
Gundelik.az

Exit mobile version