Gundelik.az Ölkə Elşən Fərzəliyev: “Əmək bazarında əsas problem kadr sayı deyil, keyfiyyətdir”
Ölkə Xəbərlər

Elşən Fərzəliyev: “Əmək bazarında əsas problem kadr sayı deyil, keyfiyyətdir”

“İnformasiya texnologiyaları sektorunda mütəxəssislərə tələbat artsa da, əmək bazarında əsas ehtiyac praktiki bacarıqlara malik kadrların hazırlanmasıdır”.

Gundelik.az xəbər verir ki, bu barədə Avicom şirkətinin direktor müavini, İDTech şirkətinin direktoru Elşən Fərzəliyev müsahibələrinin birində deyib.

Onun sözlərinə görə, işəgötürənlər artıq yalnız sertifikata deyil, real layihələr üzərində işləmək və problemləri həll etmək bacarığına üstünlük verirlər:

“DevOps, kibertəhlükəsizlik, süni intellekt, data analitikası və bulud texnologiyaları üzrə mütəxəssislərə ehtiyac yüksəkdir. İDTech-də tələbələrin əmək bazarına hazırlanması üçün praktiki tapşırıqlara, real layihələrə, peşəkarlarla görüşlərə və iş müsahibələrinə hazırlığa xüsusi diqqət yetirilir. Texnologiyaların sürətlə dəyişdiyi dövrdə analitik düşüncə, problem həlli və davamlı öyrənmə bacarığı mütəxəssislərin rəqabət qabiliyyətini artıran əsas amillərdəndir”.

Şirkət rəhbəri uşaqların erkən yaşlardan texnologiya ilə tanışlığının da vacibliyini vurğulayıb.

“İDTech-in 8-16 yaşlı uşaqlar üçün nəzərdə tutulan İDSchool mərkəzinin komandaları aprelin 22-25-də Türkiyənin Antalya şəhərində keçirilən Fibonacçi Avrasiya Robot Olimpiadasında iştirak ediblər. Martın 7-8-də Bakıda keçirilən mərhələdə yeddi komandadan altısı qaliblər sırasında yer alıb. Robototexnika uşaqlarda məntiqi düşüncə, yaradıcılıq və komanda işi bacarıqlarını inkişaf etdirir. Bu istiqamətdə “Yarat” təqaüd proqramı vasitəsilə 8-16 yaşlı uşaqların təhsil haqqından tam və ya qismən azad olunması da nəzərdə tutulur”.

Nurəddin Abdullayev
Gundelik.az

Exit mobile version