Kanadada meşə yanğınları davam etdiyi üçün ölkənin bir çox bölgəsində, eləcə də ABŞ-ın bəzi ştatlarında havanın keyfiyyəti ilə bağlı xəbərdarlıqlar edilib. Meşə yanğınlarından yaranan tüstü təkcə nəfəs almağa deyil, həm də insanın fiziki və psixi sağlamlığına ciddi təsir göstərir.
Hazırda dünya əhalisinin 99%-dən çoxu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi təhlükəsiz hava çirkliliyi hədlərini aşan havanı tənəffüs edir. Dünyanın bəzi bölgələrində çirklənmənin azaldılmasına yönəlmiş siyasətlər sayəsində havanın keyfiyyəti yaxşılaşsa da, digər yerlərdə bu nailiyyətlər təhlükə altındadır.
İqlim üzrə qeyri-kommersiya təşkilatı First Street Foundation-ın hesabatına görə, ABŞ əhalisinin 25%-dən çoxu Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) “sağlamlıq üçün zərərli” hesab etdiyi hava şəraitinə məruz qalır. Proqnozlara əsasən, 2050-ci ilə qədər belə günlərlə qarşılaşacaq insanların sayı 50%-dən çox artacaq. Ən təhlükəli (“hazardous”) hava çirkliliyi günlərinin isə 27% artacağı gözlənilir.
Bu tendensiyanın əsas səbəblərindən biri meşə yanğınlarıdır. PM2.5 hissəcikləri ilə bağlı aparılan araşdırma göstərib ki, son on ildə ABŞ-ın qərb bölgələrində meşə yanğınlarından yaranan tüstü səbəbindən PM2.5 səviyyəsi hər kubmetr havada 5 mikroqrama qədər artıb. Tədqiqat müəlliflərinin fikrincə, bu artım havanın keyfiyyətinin yaxşılaşdırılması istiqamətində onilliklər ərzində görülən tədbirlərin nəticələrini əhəmiyyətli dərəcədə zəiflədib.
Başqa bir araşdırmaya görə, ABŞ-da PM2.5 çirkliliyinin təxminən dörddə biri meşə yanğınlarından qaynaqlanır. Ölkənin qərb bölgələrində isə bu göstərici bəzən 50%-ə çatır.
2023-cü ildə Kanadada baş verən rekord sayda meşə yanğınları nəticəsində yaranan tüstü ABŞ-ın böyük hissəsinə yayılaraq havanın keyfiyyətini və görünüş məsafəsini kəskin şəkildə pisləşdirdi. Həmin il Kanadada indiyədək qeydə alınan ən böyük ərazi yanaraq külə döndü.
2024-cü ilin may ayında isə Kanadada meşə yanğınları mövsümü həmişəkindən daha tez başladı. Ölkə üzrə 130-dan çox yanğın qeydə alındı. Britaniya Kolumbiyası əyalətində ən azı bir şəhər təxliyə edildi. Uzunmüddətli quraqlıq və qış mövsümündə qarın normadan az yağması alovun sürətlə yayılmasına səbəb oldu. Tüstü buludları Kanadanın geniş ərazilərini, eləcə də ABŞ-ın Yuxarı Orta Qərb bölgəsini əhatə etdi və səhiyyə qurumları əhaliyə xəbərdarlıq etdi.
İqlim dəyişikliyi səbəbindən gələcəkdə meşə yanğınlarının sayının və intensivliyinin artacağı gözlənildiyi üçün havanın keyfiyyətinin də daha da pisləşəcəyi ehtimal olunur.
Mövcud tənəffüs sistemi xəstəlikləri olan insanlar, eləcə də ağciyərləri hələ inkişaf mərhələsində olan yenidoğulmuşlar meşə yanğınlarının tüstüsündən ən çox zərər görən qruplardır.
Meşə yanğınlarının tüstüsünün geniş təsirləri
Meşə yanğınları yalnız meşələrə, torflu sahələrə və çəmənliklərə yaxın yaşayan insanlar üçün problem deyil. Yanğınlardan yaranan tüstü 23 kilometr yüksəkliyə – stratosferə qədər qalxa və oradan dünyanın müxtəlif bölgələrinə yayıla bilər.
2023-cü ildə Sibirdə yüksək temperaturun təsiri ilə baş verən meşə yanğınlarının tüstüsü Sakit okeanı keçərək Alyaska və ABŞ-ın Sietl şəhərinə qədər çatmışdı.
Yanğınların sağlamlığa təsiri yanan materialdan da asılıdır. Məsələn, Sibirdə 2020-ci ildə yanan qatranlı boreal meşələr və torflu sahələr rekord həcmdə çirkləndirici maddələr, o cümlədən yüksək miqdarda civə atmosferə buraxmışdı.
Meşə yanğınları zamanı yaranan əsas çirkləndiricilərdən biri də diametri 2,5 mikrometr və ya daha kiçik olan PM2.5 hissəcikləridir. Bu hissəciklər tənəffüs yollarına dərindən nüfuz edərək müxtəlif ağciyər xəstəlikləri ilə əlaqələndirilir.
Araşdırmalar göstərir ki, meşə yanğınlarının tüstüsü ağciyərlərdəki bəzi immun hüceyrələrinə digər hava çirkləndiricilərindən təxminən dörd dəfə daha zəhərli təsir göstərir. Üstəlik, tüstü atmosferdə qaldıqca onun toksikliyi daha da artır. Tədqiqatlardan biri müəyyən edib ki, tüstünün zəhərliliyi atmosferə buraxıldıqdan sonrakı saatlarda iki dəfə artır və müəyyən mərhələdə dörd dəfə yüksək səviyyəyə çatır.
İsveçrə Federal Texnologiya İnstitutunun atmosfer kimyaçısı Athanasios Nenes bildirir ki, yanğın mənbəyindən uzaqda yaşayan insanlar da havada seyrəlmiş və kimyəvi dəyişikliklərə məruz qalmış tüstünü nəfəs aldıqları üçün sağlamlıqlarına mənfi təsirlərlə qarşılaşa bilərlər.
Hava çirkliliyi beyinə necə təsir edir?
Son illərdə aparılan tədqiqatlar göstərir ki, hava çirkliliyi təkcə fiziki sağlamlığa deyil, psixi sağlamlığa da mənfi təsir göstərir. O, qərarvermə qabiliyyətinin zəifləməsi, məktəbdə aşağı nəticələr və hətta cinayət hallarının artması ilə əlaqələndirilir. Alimlər bu təsirləri əsasən PM2.5 hissəciklərinə uzunmüddətli məruz qalma ilə izah edirlər.
Bununla belə, vəziyyət o qədər də sadə deyil. Hava çirkliliyi bütün insanlara eyni dərəcədə təsir etmir. Şəhərlərin ən çirkli hissələri adətən aztəminatlı məhəllələrdə yerləşir. Həmin ərazilərdə təhsil, qidalanma, siqaret və alkoqol istifadəsi, narkotiklər və sosial şərait kimi digər amillər də insanların sağlamlığına təsir göstərir.
Hava çirkliliyi çəki artımına səbəb olur
Alimlər hesab edirlər ki, hava çirkliliyinin yaratdığı iltihab orqanizmin maddələr mübadiləsini də pozur. Araşdırmalar PM2.5 hissəcikləri ilə piylənmə arasında əlaqə olduğunu göstərir. Ən çirkli ərazilərdə yaşayan uşaqlarda piylənmə riski iki dəfədən çox yüksəkdir.
Bundan əlavə, hava çirkliliyinin 2-ci tip diabetin yaranmasında da rol oynaya biləcəyi barədə sübutlar artır. Böyük miqyaslı təhlillər göstərir ki, dünyada 2-ci tip diabet hallarının təxminən beşdə biri PM2.5 çirkliliyinə məruz qalma ilə əlaqəlidir.
Hava çirkliliyi iybilmə qabiliyyətini zəiflədir
Zəhərli hava iybilmə hissinə də mənfi təsir göstərir. 2021-ci ildə aparılan araşdırma ABŞ-ın Baltimor şəhərində qoxu hissini itirən insanların yaşadığı ərazilərdə PM2.5 səviyyəsinin əhəmiyyətli dərəcədə yüksək olduğunu müəyyən edib.
İtaliyada aparılan başqa bir araşdırma isə göstərib ki, azot dioksidinə məruz qalan yeniyetmələr və gənclər qoxulara qarşı daha az həssas olurlar.
Alimlərin fikrincə, çirkləndirici hissəciklər iltihab yaradır və zamanla burundan beyinə qoxu siqnallarını ötürən sinirləri zədələyir.
İsveçdə aparılan tədqiqat 60 yaşdan yuxarı insanlarda daha yüksək hava çirkliliyi ilə zəif iybilmə qabiliyyəti arasında güclü əlaqə aşkar edib.
Təmiz hava hər kəs üçün əlçatan deyil
Bu gün demək olar ki, bütün dünya əhalisi müəyyən dərəcədə çirklənmiş hava ilə nəfəs alır. Lakin hava çirkliliyindən ən çox əziyyət çəkən insanlar adətən ondan qorunmaq və ya həmin əraziləri tərk etmək imkanı olmayan aztəminatlı əhali qruplarıdır.
Dünyada ən aşağı gəlir səviyyəsinə malik təxminən 716 milyon insan təhlükəli hava çirkliliyi olan bölgələrdə yaşayır. Avropa və Şimali Amerikanın inkişaf etmiş ölkələrində belə hava çirkliliyinin yükünü əsasən aztəminatlı və sistemli bərabərsizliklərlə üzləşən icmalar daşıyır.
PM2.5 hissəciklərinin əsas mənbələrindən biri fosil yanacaqların, xüsusilə benzin və dizelin yandırılmasıdır. Bu hissəciklər ağciyərlərə, oradan isə qan dövranına daxil olaraq iltihabı artırır və ürək-damar xəstəlikləri, ağciyər problemləri və müxtəlif xərçəng növləri ilə əlaqələndirilir.
ABŞ-da PM2.5 çirkliliyi ən böyük ekoloji sağlamlıq təhlükəsi hesab olunur. Qaradərili və digər etnik azlıqlar bu çirklənməyə ağdərili əhali ilə müqayisədə daha çox məruz qalırlar. Avropada da ən kasıb bölgələrdə PM2.5 konsentrasiyası ən varlı bölgələrlə müqayisədə təxminən üçdə bir daha yüksəkdir.
Dünyanın ən təmiz havası haradadır?
Alimlər atmosfer axınları ilə hava çirkliliyinin necə yayıldığını izləmək üçün dünyanın müxtəlif yerlərində hava monitorinqi stansiyalarından istifadə edirlər.
Belə məntəqələrdən biri Norveçin Svalbard arxipelaqındakı Ny-Olesund qəsəbəsinin yaxınlığında yerləşən Zeppelin Rəsədxanasıdır. Qış aylarında cəmi 45 nəfərin yaşadığı bu yaşayış məntəqəsi Şimal qütbündən 1 230 kilometr məsafədə yerləşir və dünyanın ən təmiz havasına malik yerlərindən biri hesab olunur.
Lakin burada da vəziyyət dəyişməyə başlayıb. Son illərdə metan, sulfat, hissəciklər və müxtəlif metalların atmosferdəki səviyyəsi artmaqdadır.
Dünyanın ən təmiz hava məkanlarından biri kimi Avstraliyanın Tasmaniya adasının şimal-qərbində yerləşən Cape Grim (Kennaook) da göstərilir. Burada Cənub okeanından gələn küləklər yaşayış məntəqələrindən və sənaye ərazilərindən keçmədiyi üçün hava demək olar ki, yerli çirklənmədən təsirlənmir.
Bundan başqa, Havaydakı Mauna Loa stansiyası, Makkuori adası və Antarktidadakı Casey stansiyası da dünyanın ən təmiz hava müşahidə məntəqələri sırasında yer alır.
Lakin dünya əhalisinin böyük əksəriyyəti belə yerlərdə yaşamır. Buna görə də hava çirkliliyinin azaldılması üçün şəhərlərdə nəqliyyat emissiyalarının aşağı salınması, daha təmiz enerji və yemək bişirmə üsullarına keçid, fosil yanacaqlardan istifadənin sürətlə azaldılması və meşə yanğınlarının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi böyük əhəmiyyət daşıyır.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
