İyul 31, 2026
Baku
Elm və təhsil Xəbərlər

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

“2026-cı ilin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 17658 plan yerinin 13845-i (78.41%-i) dolub. Ötən il müvafiq göstərici 16848 plan yeri və 79.81% olub. Göründüyü kimi, bu il plan yerləri də daha çox (810 yer) olub”.   

Gundelik.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15721 bakalavrdan 13845 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub: “Qəbul olunanlardan 6580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10510 nəfər ali təhsil müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur. Bu il ali təhsil müəssisələrinin magistraturalarına ötən illə müqayisədə ixtisaslaşma seçimində iştirak edənlərin sayı 166 nəfər daha çox olub. Əsas yerləşdirmədən sonra magistraturaya qəbul olunanların sayı da bu il 399 nəfər daha çoxdur. Ötən il 5798 nəfər dövlət sifarişi ilə qəbul olmuşdusa, bu il 6580 nəfər dövlət sifarişi, 52 nəfər isə dövlət hesabına qəbul olunub. Yəni ötən illə müqayisədə daha çox bakalavr (834 nəfər) ödənişsiz təhsil almaq imkanı əldə edib. Ümumiyyətlə, plan yerlərinin müəyyən hissəsinin boş qalacağı əvvəlcədən də bəlli idi. Çünki ixtisaslaşma seçimi edən bakalavrların sayı 15721 olduğu halda, plan yerlərinin sayı 17658 idi”.

M. Abbaszadə bildirib ki, bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub: “Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik, yanğın təhlükəsizliyi mühəndisliyinə uyğun olan 4, 8, 21, 52, 55, 57, 60, 71 saylı proqramlara ayrılmış plan yerləri tam (100%) dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramların bəziləri üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi. Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı mədən mühəndisliyi, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, hava nəqliyyatı, səhiyyə, biotexnologiya, incəsənət sahələrinə aid 29, 43, 45, 47, 58, 59, 66, 69, 70 saylı proqramlara ayrılmış plan yerlərinin 50% və ya daha çoxu boş qalıb.

Ümumiyyətlə qəbul proqramlarının bəziləri üzrə qəbul planının bu və ya digər səviyyədə kəsirdə qalacağı əvvəlcədən bəlli idi. Belə ki, imtahan nəticələrinə uyğun olaraq həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərinin sayından az idi. Müsabiqənin nəticələrinə əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında plan yerləri tam (100%), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyasında 90% və daha çox dolub. Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Bakı Avrasiya Universiteti (21.30%) və Azərbaycan Kooperasiya Universitetinə (36.51%) aiddir”.

Xatırladaq ki, ümumi müsabiqə nəticəsində magistraturaya 13845 nəfər qəbul olunub. Bundan əlavə, ixtisaslaşma seçimi haqqında elana uyğun olaraq 500 nəfərdən çox bakalavr qəbul imtahanından sonra “ADA” Universiteti, M.V.Lomonosov adına MDU-nun Bakı filialı, Birgə Azərbaycan Fransız Universiteti (UFAZ), İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, DSX Akademiyası, digər hüquq mühafizə orqanlarının akademiyaları və hərbi institutların qəbul prosedurlarına əsasən ali təhsil müəssisələrinə qəbul olunublar.