Oktyabr 19, 2026
Baku
Siyasət Xəbərlər

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

Azərbaycan Mətbuat Şurası Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkələrdə Azərbaycana qarşı yayılan qərəzli məlumatlar, təhrif olunmuş materiallar və ictimai rəyi manipulyasiya etməyə yönəlmiş kampaniyalarla bağlı narahatlığını ifadə edib.

Gundelik.az xəbər verir ki, bu barədə fikirlər Mətbuat Şurasının Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanatında öz əksini tapıb.

Şura media qurumlarını ölkəmizlə bağlı məlumatları dərc etməzdən əvvəl etibarlı mənbələr əsasında yoxlamağa, yanlış məlumatları düzəltməyə və iki ölkə arasındakı münasibətlərə zərər vura biləcək manipulyativ kampaniyalara qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırıb.

Şura qeyd edib ki, son günlər Azərbaycanda baş verən ayrı-ayrı hadisələrin kontekstdən çıxarılaraq təqdim edilməsi, ölkənin daxili məsələləri ilə bağlı müzakirələrin məqsədli şəkildə siyasiləşdirilməsi və təsdiqlənməmiş iddiaların fakt kimi yayılması peşəkar jurnalistikanın fundamental prinsiplərinə ziddir.

Bəyanatda vurğulanıb ki, jurnalistikanın əsas vəzifəsi cəmiyyətləri bir-birinə qarşı qoymaq deyil, həqiqəti üzə çıxarmaq, ictimaiyyətə dəqiq məlumat çatdırmaq və qarşılıqlı anlaşmaya töhfə verməkdir.

Şura bildirib ki, Türkiyənin bəzi media orqanlarında Azərbaycanda ümumtəhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi ilə bağlı qərar kontekstdən çıxarılaraq təhrif edilir, ölkədə guya “hicab qadağası”nın tətbiq olunduğu və İslami dəyərlərin sıxışdırıldığı barədə əsassız iddialar yayılır. Bəyanatda qeyd olunub ki, sırf daxili təhsil qaydaları ilə bağlı olan məsələ süni şəkildə dini-ideoloji qarşıdurma müstəvisinə keçirilir və bununla Azərbaycan haqqında mənfi imic formalaşdırılmağa çalışılır.

Mətbuat Şurasının qənaətinə görə, dini azadlıqlar, təhsil siyasəti və cəmiyyətin ictimai-mədəni həyatı ilə bağlı məsələlərin təhrif edilməsi, mövzuya aidiyyəti olmayan köhnə və ya saxta foto-video materiallardan istifadə olunması, eləcə də ayrı-ayrı marginal şəxslərin radikal fikirlərinin bütövlükdə Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim edilməsi ictimai rəyin yanlış istiqamətə yönəldilməsinə xidmət edir. Şura bu yanaşmanın həm obyektiv jurnalistika prinsiplərinə, həm də iki qardaş ölkə arasındakı strateji münasibətlərin ruhuna uyğun olmadığını bildirib.

Bəyanatda narahatlıq doğuran digər məqam kimi kampaniyanın yalnız sosial şəbəkələrlə məhdudlaşmaması, Türkiyənin bəzi ənənəvi media orqanlarında da belə materialların yayımlanması göstərilib. Şura həmin materiallarda tənqid və fikir azadlığının sərhədlərinin aşılmasını, habelə sosial şəbəkə hesablarında Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və hakimiyyətin qeyri-qanuni yollarla ələ keçirilməsinə yönələn təhlükəli çağırışlara tribuna yaradılmasını yolverilməz hesab edib.

Azərbaycan və Türkiyə münasibətlərinin ortaq tarixə, dilə, mədəniyyətə, mənəvi dəyərlərə və qarşılıqlı etimada söykəndiyi vurğulanıb. Şura bildirib ki, “Bir millət, iki dövlət” prinsipi iki ölkənin müstəqil dövlətlər kimi bərabərhüquqlu əməkdaşlığını və qardaşlığını ifadə edir. Bu prinsipdən hər hansı ölkənin daxili və xarici siyasətinə müdaxilə etmək, cəmiyyəti ideoloji qarşıdurmaya sürükləmək və ya əsassız ittihamlar irəli sürmək üçün istifadə edilə bilməz.

Mətbuat Şurası Türkiyənin media qurumlarını, jurnalist təşkilatlarını, redaksiyalarını və rəqəmsal platformalarda ictimai rəyə təsir göstərən şəxsləri Azərbaycana dair məlumatları dərc etməzdən əvvəl yoxlamağa çağırıb. Şura faktların təhrifinə, saxta və kontekstdən çıxarılmış görüntülərin yayılmasına yol verməməyə, Azərbaycan dövlətinin və xalqının ünvanına yönələn təhqir, böhtan və nifrət ritorikasından çəkinməyə, yanlış məlumatları operativ şəkildə düzəltməyə və təkzib etməyə çağırıb.

Bəyanatda, həmçinin iki ölkə arasındakı münasibətlərə zərər vura biləcək manipulyativ kampaniyalara qarşı prinsipial mövqe nümayiş etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Mətbuat Şurası həqiqətin təhrifinə, dezinformasiyanın yayılmasına və media imkanlarından ölkələr arasında etimadı sarsıtmaq məqsədilə istifadəyə qarşı prinsipial mövqeyini bundan sonra da davam etdirəcəyini bəyan edib.