Türkiyə Böyük Millət Məclisi (TBMM) Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumları və onların səbəblərinin araşdırılmasını davam etdirir. Komissiya bu həftə Milli Təhsil və Daxili İşlər nazirliklərinin rəsmilərini, həmçinin sosial media platformalarının Türkiyə nümayəndələrini dinləyəcək. Nümayəndələr deputatların suallarını da cavablandıracaqlar.
TBMM-də yaradılmış Məktəb Hücumlarının Araşdırılması Komissiyası fəaliyyətinin yekun mərhələsinə yaxınlaşır.
Şanlıurfa və Kahramanmaraşdakı məktəb hücumlarını araşdıran komissiya çərşənbə axşamı doqquzuncu iclasını keçirəcək.
İclasda Milli Təhsil və Daxili İşlər nazirliklərinin rəsmiləri hadisələrlə bağlı deputatlara məlumat verəcəklər. Onlar oxşar hadisələrin təkrarlanmaması üçün görülən tədbirlər və əlavə təhlükəsizlik təkliflərini təqdim edəcəklər. Məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və bu tədbirlərin tədris prosesinə mənfi təsir göstərməməsi müzakirələrin əsas mövzusu olacaq.
Komissiyanın həftə ərzində keçirəcəyi digər iclas isə rəqəmsal media platformalarının nümayəndələrinin iştirakı ilə baş tutacaq. X, Google, Meta və TikTok platformalarının Türkiyə nümayəndələri uşaqların internetdə qarşılaşdığı risklərə qarşı həyata keçirdikləri tədbirlər barədə məlumat verəcəklər. Xüsusilə uşaqların və gənclərin mənfi təsirlərdən qorunması üçün görülə biləcək əlavə addımlar müzakirə olunacaq. Nümayəndələr deputatların suallarını da cavablandıracaqlar.
Komissiya indiyədək səkkiz iclas keçirib. Üzvlər bu müddət ərzində iki dəfə Kahramanmaraş və Şanlıurfada yerində araşdırmalar aparıblar. Onlar həlak olan müəllim və şagirdlərin məzarlarını ziyarət edib, ailələri ilə görüşüblər. Həmçinin məktəb rəhbərləri, valilik nümayəndələri, müvafiq sahə üzrə alimlər və vətəndaş cəmiyyəti təşkilatlarından hadisələrlə bağlı geniş məlumat toplayıblar.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
