İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Məhkəmə: Trampın Harvard qərarı ifadə azadlığını pozur

Amerika Birləşmiş Ştatlarında (ABŞ) federal hakim Donald Trampın Harvard Universitetinə ayrılmış maliyyələşməni dondurmaq qərarını konstitusiyaya zidd hesab edib.

Gundelik.az xəbər verir ki, xarici mətbuatda yayılan məlumata görə, Boston Rayon Məhkəməsinin hakimi Allison Burroughs universitetin və əməkdaşlarının qaldırdığı iddia əsasında 84 səhifəlik qərar açıqlayıb. Qərarda qeyd olunub ki, Trampın addımı konstitusion “ifadə azadlığı” hüququnu pozur və bu səbəbdən vəsaitlərin Harvard Universitetinə geri qaytarılmasına göstəriş verilib.

Hakim Burroughs Tramp administrasiyasının antisemitizmlə mübarizədə geri qaldığını və universitetə qarşı maliyyələşdirmənin dayandırılmasını “ideoloji yönümlü hücum” kimi dəyərləndirib: “İdarədən əldə olunan sənədlər göstərir ki, Tramp antisemitizmi Harvardı hədəfə almaq üçün vasitə kimi istifadə edib. Bu faktı başqa cür izah etmək çətindir”, – deyə hakim vurğulayıb.

Xatırladaq ki, Tramp administrasiyası Fələstinə dəstək aksiyaları və müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarına görə Harvard da daxil olmaqla bir sıra universitetlərin federal maliyyəsini dondurmaqla hədələyib. Bu çərçivədə Ədliyyə Nazirliyi, Səhiyyə və İnsan Xidmətləri Nazirliyi, Təhsil Nazirliyi və digər qurumların iştirakı ilə “Antisemitizmlə Mübarizə İş Qrupu” yaradılıb.

Tramp hökuməti Harvard üçün nəzərdə tutulan 2,2 milyard dollarlıq maliyyə vəsaitini və 60 milyon dollarlıq müqaviləni dondurmaq qərarı vermişdi. Universitet isə bu qərarın qanunsuz olduğunu bildirərək məhkəməyə müraciət etmişdi.

Gundelik.az