Argentinalı futbol ulduzu Lionel Messi 68 yaşında vəfat edən atası və meneceri Xorxe Messi ilə bağlı duyğusal vida mesajı yayımlayıb. Sosial media hesabında paylaşım edən 39 yaşlı futbolçu yaşadığı ağır itkidən danışıb, 2026-cı il Dünya Çempionatı zamanı baş verənləri bölüşüb və futbol karyerasını davam etdirib-etdirməyəcəyi ilə bağlı ciddi şübhələrinin olduğunu bildirib.
Atasının dəfn mərasimi üçün Argentinanın Rosario şəhərinə gedən Messi paylaşımında atasının vəfat etdiyinə inanmaqda çətinlik çəkdiyini deyib. Futbol dünyasından Kriştiano Ronaldo, Neymar, Luka Modriç və Karlos Alkaraz kimi bir çox tanınmış isim də paylaşımın altında Messiyə başsağlığı verib.
2026-cı il Dünya Çempionatı ilə bağlı yaşadıqlarını danışdı
Messi atasının ağır səhhət problemləri səbəbindən ABŞ-də keçirilən 2026-cı il Dünya Çempionatına gələ bilmədiyini bildirib.
Argentinalı ulduz turnirdən əvvəl atasının vəziyyətinin ağırlaşdığını qeyd edərək belə yazıb:
“Sən daim istəyirdin ki, daha bir Dünya Çempionatında oynayım. Anam yaxşı olacağını və oyuna gələ biləcəyini deyirdi. Mən də sənə finala qədər gedəcəyimizi və beləliklə, oyuna gələ biləcəyini söyləmişdim.”
Messi atasının xəstəliyi səbəbindən əvvəlki kimi onunla danışa bilmədiyini bildirib. O, hər oyundan sonra atasından gələcək mesajı gözlədiyini və məhz həmin vaxt vəziyyətin nə qədər ciddi olduğunu anladığını vurğulayıb.
Argentina millisinin İspaniyaya məğlub olduğu final qarşılaşmasına da toxunan təcrübəli futbolçu kuboku atasına həsr etmək istədiyini, lakin fiziki baxımdan bütün gücünü səfərbər etməsinə baxmayaraq buna nail ola bilmədiyini deyib.
Karyerası ilə bağlı qeyri-müəyyənlik
Atasının yoxluğundan sonra gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaşadığını bildirən Messi belə yazıb:
“Mən yalnız futbol oynadım və indi bunu daha nə qədər davam etdirəcəyimlə bağlı ciddi şübhələrim var. Sən ilk gündən yanımda idin, sona çatmağımıza çox az qalmışdı. Niyə bir az da dözə bilmədin ki, bunu birlikdə başa vuraq?”
Messi atasının onun üçün yalnız ata deyil, həm də dost və menecer olduğunu bildirib. O, övladlarını da atasının onu böyütdüyü kimi böyüdəcəyini qeyd edib.
Messi həmçinin ailəsinə göstərilən dəstəyə, hörmətə və başsağlığı mesajlarına görə bütün sevənlərinə təşəkkür edib və ailəsinin şəxsi həyatına hörmətlə yanaşılmasını xahiş edib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
