“Rich Metal” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Gundelik.az Yurd.Media-ya istinadla xəbər verir ki, qızıl, mis və polimetal filizlərinin hasilatını həyata keçirən şirkət tərəfindən 164 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə iki il əvvəl avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətinə həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyutada vəsaiti geri qaytarılmayıb.
MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə şirkət inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 30 faizi məbləğində, yəni 49 min ABŞ dolları (83,3 min manat) məbləğində cərimə edilib.
Bundan başqa, eyni əmələ görə, “Rich Metal” MMC barəsində daha bir icraatda araşdırma aparılıb. Bu dəfə isə araşdırma predmeti 64,8 min ABŞ dolları məbləğində vəsait olub. Yol verdiyi analoji qanun pozuntusuna görə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə MMC 19,4 min ABŞ dolları (33 min manat) məbləğində cərimə edilib.
Qeyd edək ki, “Rich Metal” MMC Cənubi Qafqaz regionunda dağ-mədən sənayesi, qızıl, mis və polimetal filizlərinin hasilatı və emalı üzrə fəaliyyət göstərən ən iri holdinqlərdən biridir.
Hazırda şirkətin dövlətə 2,9 milyon manat vergi borcu yığılıb. Direktoru Şahjad Ansari olan “Rich Metal”ın nizamnamə kapitalı cəmi 10 manat təşkil edir.
