Kuba hökumətinin məlumatına görə, ABŞ-da qeydiyyatdan keçmiş sürətli qayıqda sərhədçilər tərəfindən güllələnərək öldürülən dörd nəfər ABŞ-da yaşayan Kuba vətəndaşları olub. Kuba Daxili İşlər Nazirliyinin onlayn yaydığı açıqlamada bildirilir ki, çərşənbə günü ölkənin şimal sahilləri yaxınlığındakı ada ətrafında sahil mühafizə gəmisinin onlara yaxınlaşmasından sonra qayığın sərnişinləri atəş açıblar. Ölən dörd nəfərlə yanaşı, yaralanan altı nəfər də Kuba vətəndaşıdır. Açıqlamada qeyd olunur ki, həmin 10 nəfərdən bəzilərinin əvvəllər cinayət keçmişi olub, onlar silahlı idilər və “terror məqsədli infiltrasiya həyata keçirməyi planlaşdırırdılar”. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ da bu “çox qeyri-adi” hadisəni araşdırır.
Kuba Daxili İşlər Nazirliyi sağ qalan altı sərnişinin – hazırda saxlanılan şəxslərin – adlarını və öldürülən bir nəfərin kimliyini açıqlayıb. Bildirilib ki, onların əksəriyyətinin “cinayət və zorakılıq fəaliyyəti ilə bağlı keçmiş qeydləri” var. Nazirliyin məlumatına görə, qayıqda tapançalar, avtomatlar və əldəqayırma partlayıcı qurğular, həmçinin digər taktiki avadanlıqlar aşkar edilib. Nazirlik həmçinin iddia edilən planın iştirakçısı olduğu deyilən və bunu etiraf etdiyi bildirilən on birinci şəxsin də həbs edildiyini açıqlayıb. Əvvəlki açıqlamada qeyd olunub ki, Florida ştatında qeydiyyatdan keçmiş (FL7726SH nömrəli) qayıq çərşənbə səhəri ölkənin mərkəzində yerləşən Villa Klara vilayətindəki Cayo Falcones yaxınlığında aşkar edilib. Nazirliyin sərhəd xidməti əməkdaşlarından ibarət beş nəfərlik heyət şəxsiyyət yoxlanışı üçün qayığa yaxınlaşarkən, “qayda pozan sürətli qayığın heyəti atəş açıb” və Kuba tərəfinin komandirini yaralayıb. Qarşıdurma nəticəsində dörd hücumçu öldürülüb, altı nəfər yaralanıb və yaralılar təxliyə edilərək tibbi yardım alıblar.
Kuba hökuməti bəzi sərnişinlərin kimliyini açıqlamazdan əvvəl Marko Rubio təsdiqləyib ki, qayıqda ABŞ hökumətinin əməkdaşları olmayıb və hadisəni, eləcə də həmin şəxslərin ərazidə nə etdiyini aydınlaşdırmaq üçün araşdırma aparılır. Rubio Karib hövzəsi liderləri ilə görüşmək üçün səfər etdiyi Sent-Kitts və Nevisdə jurnalistlərə bildirib ki, ABŞ hadisənin bütün detalları ilə bağlı faktları tez bir zamanda toplayacaq və qərarı əldə olunan məlumatlara əsasən verəcək. O əlavə edib ki, ABŞ Sahil Mühafizəsi hücumun baş verdiyi əraziyə yaxın zonaya yollanıb və Vaşinqton Kuba hökumətinin təqdim etdiyi məlumatlara güvənməyərək faktları müstəqil şəkildə yoxlayacaq. Rubio açıq dənizdə belə atışmaların çox qeyri-adi olduğunu vurğulayıb. Hadisə ABŞ və Kuba arasında artan gərginlik fonunda baş verib; Kuba dərinləşən yanacaq böhranı yaşayır və bu vəziyyət ABŞ-ın Venesueladan adaya neft göndərişlərini bloklaması ilə daha da ağırlaşıb.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
