Gundelik.az Xəbərlər Aktual Kivi: Vitaminlərlə Zəngin Qış Möcüzəsi
Aktual Mədəniyyət və cəmiyyət Xəbərlər

Kivi: Vitaminlərlə Zəngin Qış Möcüzəsi

Kivi qış aylarında daha çox istehlak olunan, qida dəyəri yüksək meyvələrdəndir. Turşməzə dadı və zəngin tərkibi ilə seçilir. Kivi immun sisteminin normal işləməsini dəstəkləyir, hüceyrələri oksidləşdirici stressdən qoruyur, dəmirin sorulmasını artırır, dərinin normal kollagen sintezinə kömək edir. Bir ədəd orta ölçülü kivi gündəlik C vitamini ehtiyacının böyük hissəsini qarşılaya bilər. Həzm sistemi üçün faydalıdır. Kivinin tərkibində həm həll olan, həm də həll olmayan lif var. Bundan əlavə, “aktinidin” adlı ferment mövcuddur. Bu xüsusiyyətlər bağırsaq hərəkətini yaxşılaşdırır, qəbizliyin azalmasına kömək edir, zülalın həzmini asanlaşdırır.

Kivinin tərkibində kalium və antioksidantlar var. Bu maddələr qan təzyiqinin tənzimlənməsinə dəstək olur, qan damarlarının funksiyasını qorumağa kömək edir, xolesterin balansına müsbət təsir göstərir. Əlbəttə, bu təsirlər balanslı qidalanma və sağlam həyat tərzi çərçivəsində mümkündür.

Kivinin tərkibində C vitamini ilə yanaşı E vitamini və polofenollar da var. Bu maddələr hüceyrələri zədələnmədən qorumağa kömək edir, uzunmüddətli sağlamlıq üçün qoruyucu rol oynayır. Kivi aşağı kalorilidir, tərkibində su və lif çoxdur, şirin ehtiyacını nisbətən sağlam şəkildə ödəyir. Bu səbəbdən çəki nəzarətində uyğun seçim sayılır. Kivinin uşaqlar, hamilələr və idman edənlər üçün bir sıra faydaları mövcuddur: uşaqlarda immun sisteminin normal işləməsinə kömək edir, qəbizliyin qarşısını alır, dəmirin sorulmasına kömək edir ki, bu da dəmir çatışmazlığı riski olan uşaqlar üçün önəmlidir. Lakim diqqət edilməli məqam var. Belə ki, 1 yaşdan kiçik uşaqlara verərkən pediatr məsləhəti yaxşı olar. Allergik reaksiya ehtimalı az da olsa mövcuddur.

Hamilələr üçün kivi folat mənbəyidir, dölün sinir sisteminin normal inkişafında rol oynayır və hamiləliyin erkən dövründə xüsusilə vacibdir. Diqqət edilməli məqam isə turşuluğa görə reflüks və mədə yanması olan hamilələrdə narahatlıq yarada bilər.

İdman edənlər üçün bərpa prosesinə dəstək: yəni C vitamini və antioksidantlar intensiv məşqdən sonra yaranan oksidləşdirici stressin azalmasına kömək edir. Kivi həm də idman edənlər üçün kalium mənbəyidir, kalium əzələ funksiyası və maye balansı üçün vacibdir. Məşq zamanı itirilən elektrolitlərin bərpasına dəstək olur. Bundan başqa təbii şəkər və lif sayəsində məşqdən əvvəl və ya sonra yüngül enerji mənbəyi olur.

Kivini qabığı ilə birlikdə yemək daha faydalıdır. Belə ki, kivinin qabığında meyvənin özündən də çox lif var. Kivi onsuz da vitamin C ilə zəngindir, amma qabıqla birlikdə yeyildikdə daha çox qəbul etmiş olursunuz. Qabıq prebiotik təsir göstərə bilər – yəni faydalı bağırsaq bakteriyalarını dəstəkləyir. Hər gün 2 ədəd kivi yemək immuniteti gücləndirir, mövsümi qripin, soyuqdəymənin qarşısını alır, xoşbəxtlik hormonu olan serotonini artırır, yuxu problemindən azad edir.

Həddindən artıq kivi qəbul etmək bəzi insanlarda ishala səbəb ola bilər.

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version