Gundelik.az Dünya Kiçikdir, amma ağrısı böyükdür: Aftoz
Dünya Xəbərlər

Kiçikdir, amma ağrısı böyükdür: Aftoz

Aftoz kiçik görünsə də, insanın həyat keyfiyyətinə ciddi təsir göstərir. Buna görə də xüsusilə tez-tez təkrarlanan və ya sağalmayan ağız yaralarını diqqətdən kənarda qoymaq olmaz. Ağrı verən bu kiçik yaralar bəzən orqanizmin bəzi xəstəliklər barədə verdiyi mühüm siqnallardan biri olur.

Ağız daxilində əmələ gələn aftoz çox vaxt yemək yeməyi, su içməyi, hətta danışmağı belə çətinləşdirir. Günlərlə davam edən yanğı və həssaslıq hissi səbəbindən həyat keyfiyyətini aşağı salan aftoz olduqca geniş yayılmış problemdir. Bəzi insanlarda isə bu vəziyyət müvəqqəti narahatlıqdan çıxaraq tez-tez təkrarlanan sağlamlıq probleminə çevrilir.

Aftoz niyə yaranır?

Aftoz cəmiyyətdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Adətən ağız daxilində ağ-sarı rəngli, ətrafı qırmızı halqa ilə əhatələnmiş, ağrılı kiçik yaralar şəklində meydana çıxır.

Prof. Dr. Ezgi Aktaşın sözlərinə görə, aftoz yaranmasına bir çox amil səbəb ola bilər. Əksər hallarda immun sisteminin xüsusiyyətləri, genetik meyllilik və ətraf mühit faktorları birlikdə rol oynayır.

Aftozun yaranmasına səbəb ola bilən əsas amillər bunlardır:

Ağız daxilini qıcıqlandıran sərt və ya iti qidalar;

Siqareti tərgitdikdən sonrakı keçid dövrü;

Dəmir, B12 vitamini və fol turşusu çatışmazlığı;

Hormonal dəyişikliklər;

Bəzi diş məcunları (xüsusilə natrium lauril sulfat tərkibli olanlar);

İmmun sistem xəstəlikləri.

Bundan əlavə, bəzi insanlarda şokolad, pomidor, sitrus meyvələri, acılı yeməklər və quru çərəzlər də aftozun yaranmasını və ya artmasını sürətləndirir.

İsti və acılı qidalara diqqət

Aftoz infeksion xəstəlik olmadığı üçün, herpes (uçuq) kimi yoluxucu deyil. Lakin sağalma müddəti fərqli ola bilər. Kiçik aftoz adətən 7–14 gün ərzində sağalır. Bu müddətdə yaralar insanın gündəlik həyatına ciddi narahatlıq yarada bilər.

Müalicənin əsas məqsədi ağrını azaltmaq və sağalma prosesini sürətləndirməkdir. Bu dövrdə qıcıqlandırıcı qidalardan uzaq durmaq tövsiyə olunur. Xüsusilə çox isti, turşulu və acılı qidaların qəbulunu azaltmaq vacibdir.

Müalicədə aşağıdakılardan istifadə oluna bilər:

Duzlu və karbonatlı qarqaralar;

Antiseptik ağız yaxalama məhlulları;

Kortizon tərkibli ağız məlhəmləri;

Ağrını azaldan yerli təsirli gellər.

Təkrarlanan aftlara laqeyd yanaşmayın

Aftoz yalnız bir dəfə yaranan ağız yarası deyil. Eyni insanda dəfələrlə təkrarlana bilər. Bu halda onların səbəblərinin araşdırılması vacibdir.

Təkrarlanan aftoz:

Vitamin çatışmazlıqlarının,

Behçet xəstəliyinin Behçet xəstəliyi,

Çölyak xəstəliyinin Çölyak xəstəliyi,

Kron xəstəliyinin Kron xəstəliyi,

İmmun sistem pozğunluqlarının

əlaməti ola bilər.

Nə vaxt həkimə müraciət etmək lazımdır?

Aftozların əksəriyyəti zərərsiz olsa da, bəzi hallarda ciddi xəstəliklərin xəbərçisi ola bilər. Aşağıdakı hallarda dermatoloqa müraciət etmək tövsiyə olunur:

Yaralar tez-tez təkrarlanırsa;

2–3 həftədən uzun müddət sağalmırsa;

Böyük və dərin yaralar şəklindədirsə;

Hərarət, halsızlıq və səbəbsiz çəki itkisi ilə müşayiət olunursa;

Ağız yaraları ilə yanaşı cinsiyyət nahiyəsində yaralar əmələ gəlirsə;

Göz problemləri və ya dəri səpgiləri müşahidə olunursa;

Udmanı çətinləşdirirsə;

Uşaqlarda ağır gedişat göstərirsə.

Bu əlamətlər olduqda aftları sadə ağız yarası kimi qəbul etməmək və mütəxəssis müayinəsindən keçmək vacibdir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version