İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı yeni korrupsiya əməliyyatı: Beyoğlu bələdiyyə başçısı saxlanıldı

İstanbul Böyükşəhər Bələdiyyəsini hədəf alan korrupsiya istintaqı çərçivəsində Beyoğlu Bələdiyyə Başçısı İnan Güney də daxil olmaqla 42 nəfər saxlanılıb.

Bu barədə Gundelik.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq “cinayət təşkilatına rəhbərlik”, “cinayət təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvət alma”, “ağırlaşdırılmış cinayətlər”, “şəxsi məlumatların ələ keçirilməsi”, “dələduzluq” və “tender saxtakarlığı” ittihamlarını əhatə edir.

Araşdırmalar zamanı 35 şübhəlinin İstanbul Böyükşəhər Bələdiyyəsinə məxsus Medya A.Ş. və Kültür A.Ş. şirkətləri ilə, eləcə də şübhəlilər Murat Ongun və qaçaq vəziyyətdə olan Emrah Bağdatlı ilə əlaqəli olduğu müəyyən edilib. Polis qazanc məqsədli cinayət təşkilatının sosial media quruluşu daxilində fəaliyyət göstərən, Ongunun nəzarətində və Bağdatlı ilə əlaqəli 9 nəfəri də aşkar edib.

Ümumilikdə 44 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. Eyni vaxtda keçirilən əməliyyat nəticəsində, aralarında Beyoğlu bələdiyyə başçısı İnan Güneyin də olduğu 42 nəfər saxlanılıb.

Gundelik.az