Rusiyanın “Cəllad” portalı avqust ayı üçün alınması tövsiyə olunan ən sərfəli 10 smartfonun siyahısını təqdim edib. Siyahıda qiyməti 11,6 min rubl (246,87 manat) ilə 56 min rubl (1 191,80 manat) arasında dəyişən modellər yer alıb.
Birinci yeri Realme 12 modeli tutur. Qiyməti 11,6 min rubl (246,87 manat) olan cihaz Full HD+ çözünürlüklü və 120 Hz yenilənmə tezliyinə malik AMOLED ekran, büdcə seqmentinə aid Snapdragon 685 prosessoru, optik stabilizasiyalı 50 MP əsas kamera, stereo dinamiklər və 67 Vt sürətli enerji doldurma funksiyası ilə diqqət çəkir.
İkinci yerdə 14,1 min rubl (300,08 manat) dəyərindəki Poco M6 Pro qərarlaşıb. Model gündəlik istifadə və orta səviyyəli oyun performansı üçün nəzərdə tutulmuş MediaTek Helio G99 Ultra prosessoru, 64, 8 və 2 MP-lik üçlü kamera sistemi, həmçinin saniyədə 60 kadr sürətlə video çəkilişi dəstəkləyən ön kamera ilə təchiz olunub.
Üçüncü pillədə isə oyun həvəskarları üçün nəzərdə tutulmuş Poco F6 yer alır. 20,9 min rubl (444,80 manat) qiymətinə sahib olan cihaz 1,5K çözünürlüklü və 120 Hz tezlikli AMOLED ekran, Snapdragon 8s Gen 3 prosessoru, 50 və 8 MP-lik ikili kamera sistemi, stereo dinamiklər və 90 Vt sürətli doldurma dəstəkləyən 5000 mAh batareya ilə təklif edilir.
Siyahıda həmçinin Poco X7 Pro, iQOO Neo 10, Honor 200 Pro, Realme GT 7, Poco F7 Ultra, iPhone 16 və OnePlus 13 modelləri də yer alıb. Bu smartfonların qiyməti 22 900 rubldan (487,36 manat) başlayaraq 55 900 rubla (1 189,67 manat) qədər dəyişir.
Bundan əvvəl isə Çində Android əməliyyat sistemi ilə işləyən iPhone 17 Pro klonu təqdim olunmuşdu.
Gundelik.az

