İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İsrailin evakuasiya xəbərdarlığından sonra Beyruta zərbələri panika yaratdı

İsrail Beyrutun cənub ətraflarını tərk etməyi yüz minlərlə insana əmr etdikdən sonra Livanın paytaxtı Beyruta hava zərbələri endirib. Hələlik ölən və ya yaralananlar barədə dərhal məlumat verilməyib.

İsrail ordusu bildirir ki, Livan boyunca Hizbullaha qarşı hədəflər vurulur və Beyrutun cənubu İranın dəstəklədiyi silahlı qrupun əsas dayaq məntəqələrindən biri hesab olunur.

İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü X platformasında bildirib:

“Ordumuz Beyrutun cənub ətraflarında Hizbullahın terror infrastrukturunu hədəf alan hava zərbələri dalğasına başlayıb.”

Evakuasiya əmrlərindən sonra qorxu içində olan sakinlər şəhərin şimal və cənub istiqamətlərinə gedən əsas yolları doldurub və böyük tıxaclar yaranıb.

Son zərbələrdən əvvəl Livan rəsmiləri bildirib ki, bazar ertəsindən bəri hava hücumları nəticəsində 120-dən çox insan ölüb, təxminən 700 nəfər yaralanıb. Ən azı 90 min nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıb.

İsrail ordusu həmçinin çərşənbə günü Livanın İsrail sərhədinə yaxın geniş cənub bölgəsində yaşayan bütün sakinlərə də ərazini tərk etməyi əmr edib. Bu, mümkün quru əməliyyatı ərəfəsində verilib.

Buna cavab olaraq Hizbullah İsrail sərhədindən 5 km məsafədə yaşayan israillilərə evlərini tərk etməyi tövsiyə edib.

Məhəmməd əl-Xauzam Beyrutun cənub ətraflarından qaçmağa çalışan və tıxacda qalan insanlardan biri idi.

“Biz Bir Həsəndən gəlirik. Onlar (İsrail ordusu) xəbərdarlıq etdilər, ona görə də gedirik,” – deyə o, BBC-yə bildirib.

Suriyalı olan Xauzam həyat yoldaşı və uşaqları ilə birlikdə şimala doğru gedir. O, Livanı “ikinci vətəni” adlandırıb.

“Allah hamıya kömək etsin. Bütün livanlılara Allah kömək etsin,” – deyə o, avtomobilindən səslənib.

Şimala doğru maşın sürən bir qadın bildirib ki, uşaqları Beyrutdadır və onlar Çiyah, Burj əl-Barajne, Haret Hreik və Hadath ətraflarını tərk etmək barədə xəbərdarlıq edildiyini ona telefonla deyiblər.

O, uşaqlarının yanına gedəcəyini və orada təhlükəsiz olacağına ümid etdiyini deyib.

“Gedəcək yer varmı? Mən nə etməliyəm?” – deyə o soruşub.

Paytaxtdakı xeyriyyə yeməkxanaları və sığınacaqlar xəbərdarlıq edib ki, bu qədər köçkünə yardım göstərmək imkanları yoxdur.

Livan hakimiyyəti bildirib ki, son dörd gündə İsrail zərbələri nəticəsində ən azı 102 nəfər ölüb. İsrail tərəfi isə öz vətəndaşları arasında ölüm faktı barədə məlumat verməyib.

Bazar ertəsindən bəri İsrail təyyarələri Beyrutun cənub ətraflarında, Livanın cənubunda və şərqdəki Bəqaa vadisində Hizbullah hədəflərinə bir neçə dalğa zərbələr endirib. Bu, qrupun İsrail sərhədi üzərindən raket və dron hücumları həyata keçirməsindən sonra baş verib.

Bu hadisələr Livanı yenidən İsrail, ABŞ və İran arasında gedən münaqişəyə cəlb edib. Halbuki cəmi 15 ay əvvəl İsrail və Hizbullah arasında bir ildən çox davam edən ağır döyüşlərdən sonra atəşkəs əldə edilmişdi.

Çərşənbə günü Hizbullah lideri Naim Qasim bildirib ki, şiə silahlı qruplaşması İsrailə qarşı mübarizəni “son həddə qədər fədakarlıqla” davam etdirəcək.

“Biz təslim olmayacağıq,” – deyə o bildirib.

Bu bəyanat İsrail ordusunun baş qərargah rəisi general Eyal Zamirin “Hizbullahın yaratdığı təhlükəni aradan qaldırmaqda qətiyyətliyik və bu təşkilat silahsızlaşdırılana qədər dayanmayacağıq” deməsindən bir gün sonra səslənib.

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az