İsrail və Livan son 30 ildən çox müddətdən sonra ilk dəfə birbaşa diplomatik danışıqlar aparıblar. Bu nadir görüş İsrail ilə İranın dəstəklədiyi “Hizbullah” qrupu arasında davam edən döyüşləri dayandırmaq məqsədi daşıyır.
ABŞ dövlət katibi Marco Rubio, vasitəçi kimi çıxış edərək bunu “Hizbullahın təsirini sona çatdırmaq üçün tarixi fürsət” adlandırıb.
ABŞ-ın açıqlamasına görə, tərəflər gələcəkdə vaxtı və yeri müəyyən ediləcək birbaşa danışıqlara başlamağa razılaşıblar. İsrail isə bütün qeyri-dövlət silahlı qrupların – yəni Hizbullahın – tərksilah edilməsini istədiyini bildirib.
Livan isə atəşkəs və ölkədəki humanitar böhranın aradan qaldırılması üçün tədbirlər görülməsini tələb edib. İki ölkə arasında diplomatik münasibətlər yoxdur və son yüksək səviyyəli birbaşa danışıqlar 1993-cü ildə baş tutmuşdu.
Döyüşlər və itkilər davam edir
Martın 2-dən etibarən İsrailin Livanda başladığı hərbi əməliyyatlar nəticəsində 2 mindən çox insan həyatını itirib. Bu əməliyyatlar ABŞ və İsrailin İrana zərbələr endirməsindən bir neçə gün sonra başlayıb.
Görüşlərin Vaşinqtonda keçirildiyi gün Hizbullah İsrailə və Livandakı İsrail qüvvələrinə qarşı azı 24 hücum etdiyini bildirib. Şimali İsraildə gün ərzində tez-tez dron və raket həyəcan siqnalları səslənib.
İsrail bildirir ki, Livandakı əməliyyatların məqsədi Hizbullahı silahsızlaşdırmaq və dağıtmaqdır. İsrail bu qrupla 2023 və 2024-cü illərdə də, Qəzza müharibəsi fonunda döyüşüb.
ABŞ Dövlət Departamentinin sözçüsü Tommy Pigott açıqlamasında qeyd edib ki, həm İsrail, həm də Livan Hizbullahın təsirinin azaldılması istiqamətində işləməyə razılaşıb.
Livan tərəfi isə ölkədəki “ağır humanitar böhranın aradan qaldırılması üçün konkret tədbirlər və atəşkəs” çağırışı edib.
ABŞ eyni zamanda İsrailin Hizbullah hücumlarına qarşı özünü müdafiə etmək hüququnu dəstəklədiyini bildirib.
Danışıqlar uzun proses ola bilər
Görüşdən əvvəl danışan Rubio bildirib ki, bu proses zaman alacaq, amma buna dəyər: “Bu, üzərində işləmək istədiyimiz tarixi bir başlanğıcdır.”
Livan prezidenti Joseph Aoun isə ümid etdiyini deyib ki, bu danışıqlar Livan xalqının, xüsusilə cənub bölgəsində yaşayanların əzablarının sona çatmasının başlanğıcı olacaq.
O vurğulayıb ki, münaqişənin yeganə həlli Livan ordusunun bölgədə təhlükəsizliyə tam nəzarət etməsi ola bilər. Lakin hökumətin Hizbullaha qarşı real təsir imkanları məhduddur.
Hizbullah razılaşmanı tanımaya bilər
Danışıqlardan əvvəl Hizbullahın yüksək vəzifəli üzvlərindən biri bildirib ki, Vaşinqtonda əldə olunacaq razılaşmalara əməl etməyəcəklər. Siyasi şuranın üzvü Wafiq Safa deyib: “Onların razılaşdığı şeylər bizi bağlamır.”
1982-ci ildə yaradılmış Hizbullah Livanın cənubunda və paytaxt Beyrutun cənub ətraflarında böyük təsirə malik silahlı qrupdur. Onun nümayəndələri hökumətdə də yüksək vəzifələr tutur.
Qrupun Livan hökuməti ilə münasibətləri, İsrail-İran müharibəsinə qoşulduqdan sonra daha da gərginləşib.
Digər diplomatik proseslər
ABŞ və İran arasında Pakistanda keçirilən ayrı danışıqlarda İran Livanın da mümkün atəşkəs razılaşmasına daxil edilməsini istəyib. Lakin ABŞ və İsrail bunu qəbul etməyib.
ABŞ rəsmiləri bildiriblər ki, İsrail-Livan danışıqları İranla görüşlərdən əvvəl planlaşdırılıb.
Humanitar vəziyyət ağırdır
Son qarşıdurmalar başlayandan bəri:
2 mindən çox insan ölüb
Təxminən 1 milyon insan evini tərk etmək məcburiyyətində qalıb.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
