Yaxın Şərq uzun illərdir geosiyasi rəqabətin və strateji maraqların toqquşduğu əsas regionlardan biri hesab olunur. Xüsusilə İranın regional siyasəti, nüvə proqramı və müxtəlif ölkələrdə təsir imkanlarının artması ABŞ və İsrail tərəfindən ciddi təhlükə kimi qiymətləndirilir. Bu isə regionda gərginliyin artmasına, qarşılıqlı ittihamların və hərbi-siyasi təzyiqlərin güclənməsinə səbəb olur. Mövzunun mahiyyətini və bu qarşıdurmanın arxasında duran əsas amilləri daha aydın anlamaq üçün Gundelik.az xəbər portalı politoloq Çingiz Şahbazi ilə həmsöhbət olub. Ekspert İranın regional strategiyasını, İsrail və ABŞ-ın təhlükəsizlik narahatlıqlarını, həmçinin qlobal güc balansı məsələsini şərh edib.
– İranın regional siyasəti İsrail və ABŞ tərəfindən niyə təhlükə kimi qiymətləndirilir?
İsrailin baxışına görə İran regionda İsrailə qarşı açıq düşmən mövqedə duran və nüvə silahına potensial malik ola biləcək bir ölkədir. Bu isə İsrail üçün ciddi risk yaradır və dövlət olaraq onun gələcək təhlükəsizliyini sual altına sala bilər. Eyni zamanda İran ABŞ-ın Yaxın Şərq siyasətinə və bu regiondakı strateji maraqlarına meydan oxuyan dövlətlərdən biri hesab olunur.
İran regionda himayəsində müxtəlif silahlı qruplar saxlayan ölkə kimi tanınır və bu proksi qüvvələrdən zaman-zaman ABŞ və İsrail siyasətinə qarşı müxtəlif coğrafiyalarda istifadə edir. Bundan başqa, İranın Fars körfəzinə nəzarət mexanizmləri mövcuddur və bu, ona qlobal enerji marşrutlarına təsir etmək imkanı verir. Bu isə xüsusilə ABŞ üçün strateji risk kimi qiymətləndirilir.
ABŞ və İsrail hesab edirlər ki, İranın nüvə proqramı potensial olaraq hərbi məqsədlər üçün nəzərdə tutulmuş ola bilər. İran isə rəsmi olaraq dəfələrlə bəyan edib ki, bu proqram yalnız dinc məqsədlər üçün həyata keçirilir. Buna baxmayaraq, İsrail uranın zənginləşdirilməsi prosesinə qarşı çıxaraq beynəlxalq platformalarda İrana qarşı sanksiyaların tətbiqinə nail olmağa çalışıb.
Bütün sanksiyalara baxmayaraq, İran uranın zənginləşdirilməsində 60 faiz səviyyəsinə çatmağa nail olub. Bu səbəbdən də məsələ uzun illərdir beynəlxalq müzakirələrin əsas mövzularından biridir. Bu proses İran və İsrail arasında onillərlə davam edən düşmənçiliyi daha da dərinləşdirib və son illərdə açıq qarşıdurma ritorikası ilə müşayiət olunub.
İran İsraili legitim dövlət kimi tanımadığını dəfələrlə bəyan edib və İsrailə qarşı silahlı qrupları dəstəklədiyi iddiaları ilə gündəmə gəlib. Livanda Hizbullahı, Qəzzada isə HƏMAS hərəkatını himayə etməsi bu kontekstdə tez-tez qeyd olunur. Beləliklə, İran proksi qüvvələr vasitəsilə uzun müddət İsraillə dolayı münaqişə tərəfi kimi çıxış edib.
Son illərdə İranın İraq, Suriya, Yəmən və Livanda təsir imkanlarının artması da ABŞ tərəfindən regiondakı qüvvələr balansının dəyişməsi kimi qiymətləndirilir. ABŞ hesab edir ki, İranın bu gücü həm müttəfiqləri, xüsusilə İsrail və Körfəz ölkələri üçün, həm də regiondakı Amerika hərbi bazaları üçün potensial təhlükə yarada bilər.
Bütün bu faktorlar İranın beynəlxalq arenada “terrorizmi dəstəkləyən ölkə” kimi təqdim olunmasına və sanksiyalarla üzləşməsinə səbəb olub. Nəticədə İranın bəzi siyasətləri beynəlxalq müstəvidə onun mövqeyini çətinləşdirib. Bu baxımdan demək olar ki, İranın regional siyasətindəki müəyyən problemlər və strateji addımların nəticələri onu ABŞ və İsrail tərəfindən təhlükə mənbəyi kimi qiymətləndirilməsinə gətirib çıxarıb.
– Sizcə, bu qarşıdurmanın kökündə təhlükəsizlik qorxusu dayanır, yoxsa qlobal güc balansını dəyişmək istəyi?
Mövcud gərginliyin və münaqişənin kökündə yalnız bir səbəb dayanmır. Bu proses həm təhlükəsizlik narahatlıqları, həm də qlobal və regional güc balansı ilə bağlıdır. İranın artan təsiri və regional gücə çevrilməsi bu balans məsələsində əsas amillərdən biridir.
ABŞ üçün qlobal güc balansının qorunması və regiondakı strateji mövqelərin saxlanması daha önəmli görünür. İsrail üçün isə məsələ daha çox təhlükəsizlik aspekti ilə bağlıdır. Coğrafi baxımdan regionda yerləşən İsrail İranın güclənməsini və potensial nüvə silahına sahib olmasını birbaşa təhlükə kimi qiymətləndirir.
Reallıqda bu iki amili bir-birindən tam ayırmaq çətindir. Təhlükəsizlik narahatlığı hərbi təzyiqi artırır, güc balansı isə bu təzyiqi daha geniş strateji səviyyəyə qaldırır. İsrail üçün münaqişə dövlətin təhlükəsizliyi ilə bağlıdır. İranın nüvə proqramı, silahlı qrupları dəstəkləməsi və İsrailə qarşı sərt ritorikası bu yanaşmanı gücləndirir.
ABŞ isə İranın nüvə silahına yaxınlaşmasını enerji yollarının, xüsusilə Hörmüz boğazının təhlükəsizliyi və regiondakı müttəfiqlərinin müdafiəsi baxımından riskli hesab edir. Buna görə də nüvə silahlarının yayılmasının qarşısının alınmasını vacib hesab edir.
İran isə öz növbəsində ABŞ-ı regionda hegemonluq siyasəti yürütməkdə ittiham edir və öz addımlarını müdafiə məqsədli siyasət kimi təqdim edir. Tehran hesab edir ki, ABŞ və İsrail koalisiyası region üçün təhlükə yaradır və İranın atdığı addımlar bu təhlükəyə qarşı cavab xarakteri daşıyır.
Bu prizmalardan baxdıqda, regional güclərin rəqabəti zamanla münaqişə və hərbi qarşıdurma riskini artırıb. ABŞ regionda mövqelərini qorumağa çalışır və bu səbəbdən ən yaxın müttəfiqi olan İsrailə dəstək verir.
Eyni zamanda Çin və Rusiya faktorunu da nəzərə almamaq olmaz. Bu ölkələr ABŞ və İsrailin İrana qarşı hərbi təzyiqlərini açıq şəkildə tənqid edir və müxtəlif səviyyələrdə İrana siyasi dəstək nümayiş etdirirlər. Bu isə qlobal güc balansı məsələsini daha mürəkkəb edir.
Bütün bunları nəzərə alaraq demək olar ki, Yaxın Şərqdə formalaşan yeni geosiyasi reallıqlar yaxın gələcəkdə regionda güc balansının dəyişə biləcəyini göstərir. Bu səbəbdən mövcud gərginliyin və münaqişənin müəyyən müddət davam etməsi ehtimalı yüksəkdir.
