İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İsrail atəşkəsdən sonra ilk dəfə Beyrutu vurdu

İsrail, Hizbullah ilə əldə olunan atəşkəs razılaşmasından sonra ilk dəfə Beyruta hava zərbəsi endirib. Hücum Hizbullahın əsas dayaqlarından sayılan Dahiyə bölgəsini hədəf alıb.

İsrailin Baş naziri Benjamin Netanyahu bildirib ki, zərbə Hizbullahın elit “Radvan Qüvvələri”nin komandirlərindən birinə qarşı həyata keçirilib və əməliyyatı şəxsən özü təsdiqləyib.

Yerli KİV-in məlumatına görə, hücum zamanı qrup üzvləri toplantıda olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə güclü yanğın və ciddi dağıntılar görünür. Hizbullah isə hələlik hadisəyə münasibət bildirməyib.

ABŞ prezidenti Donald Trumpın 16 aprel tarixində elan etdiyi atəşkəs razılaşmasına baxmayaraq, tərəflər qarşılıqlı hücumlarda bir-birini pozuntularda ittiham etməyə davam edir.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, son bir həftədə ölkədə hücumlar nəticəsində 120-dən çox insan ölüb. Ölənlər arasında qadınlar və uşaqlar da var.

İsrail ordusu həmçinin Livanın cənubunda sərhəd boyunca müəyyən ərazilərdə mövcudluğunu saxlayır və bunu “Hizbullahsız təhlükəsizlik zonası” yaratmaq məqsədi ilə izah edir. Hüquq müdafiə təşkilatları isə bəzi hücumların müharibə cinayəti sayıla biləcəyini bildirir.

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az