İspaniyanın cənubundakı Əndəlüs muxtar bölgəsinin Almeriya vilayətinə bağlı Los Qalyardos rayonunda baş verən meşə yanğını nəticəsində 11 nəfər ölüb.
Jandarma və Mülki Müdafiə qurumlarının yaydığı məlumata görə, bu səhər başlayan yanğın azı 11 nəfərin həyatına son qoyub.
Yanğının baş verdiyi ərazidə içərisində bir nəfərin meyiti olan tamamilə yanmış 3 avtomobil, həmçinin Bedar istiqamətinə gedən yolun yaxınlığında daha 8 yanmış cəsəd aşkar edilib.
Həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır. Kütləvi faciələrin araşdırılması üzrə ixtisaslaşmış məhkəmə-tibbi ekspertiza qrupu hadisə yerində işləyir.
Bu faciə insan itkisi baxımından İspaniya tarixinin ən ağır meşə yanğınlarından biri hesab olunur. Bildirilir ki, hadisə 17 iyul 2005-ci ildə Quanadalaxaranın Riba de Saelises rayonunda 11 nəfərin öldüyü meşə yanğını ilə müqayisə edilə biləcək miqyasdadır.
Əndəlüs muxtar hökuməti yanğın səbəbindən Los Qalyardos ərazisində yaşayan 1400 nəfərin ehtiyat tədbiri olaraq təxliyə edildiyini açıqlayıb. Yanğının söndürülməsinə Hərbi Fövqəladə Hallar Bölməsi (UME) 70 texnika və 200 əməkdaşla cəlb olunub.
Hazırda Əndəlüs bölgəsində Almeriya ilə yanaşı, Malaqa şəhəri ətrafında da davam edən meşə yanğınlarının söndürülməsi istiqamətində havadan və qurudan əməliyyatlar davam etdirilir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

