Van Yüzüncü İl Universitetinin Tibb Fakültəsinin Dermatologiya kafedrasının müdiri professor Hatice Uce Özkol internet üzərindən satılan günəş kremləri və kosmetik məhsullar alınarkən diqqətli olmağı tövsiyə edib.
Professor bildirib ki, son iki həftə ərzində internetdən və ya bitki məhsulları satılan mağazalardan alınmış kremlərdən istifadə edən 5 nəfər üz və bədənlərində qızartı və yanma şikayətləri ilə Van YYÜ Dursun Odabaş Tibb Mərkəzinə müraciət edib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə reklam olunan və “dərini ağardır”, “ləkələri yox edir”, “sızanaq izlərini aradan qaldırır” kimi vədlər verən kremlər insanları aldadır. Halbuki hər insanın dəri tipi fərqlidir və eyni məhsul hər kəsdə eyni təsir göstərmir. Buna görə də hər hansı kremdən istifadə etməzdən əvvəl dermatoloqa müraciət etmək vacibdir.
Özkol qeyd edib ki, internetdə çox ucuz qiymətə satılan bəzi kremlərin üzərində tərkibi göstərilmir, elmi əsaslandırması olmur və bu məhsullar ciddi allergik reaksiyalara səbəb olur.
O bildirib ki, cəmi iki həftə ərzində bu səbəbdən 5 ağır hal qeydə alınıb. Təxminən 250 türk lirəsinə alınan kremlərdən istifadə edən bəzi insanlarda kiçik dəri ləkələrini aradan qaldırmaq istəyərkən daha geniş və ağır dəri zədələnmələri yaranıb. Hətta bir xəstədə əvvəlcə yalnız üzdə olan ləkələr sonradan qollara, əllərə və bədənin digər hissələrinə yayılıb.
Dermatoloq vətəndaşlara internetdən və ya qeyri-rəsmi satış məntəqələrindən satılan, “ləkələri yox edir”, “dərini ağardır”, “sızanaq izlərini silir” kimi reklam olunan məhsulları almamağı tövsiyə edib.
O vurğulayıb ki, dəri ləkələrinin müalicəsi çətin və fərdi yanaşma tələb edir. Başqasına yaxşı təsir edən krem başqa bir insanda ciddi dəri xəstəliklərini tətikləyir. Buna görə krem və dərmanlar yalnız etibarlı apteklərdən alınmalıdır.
Professorun sözlərinə görə, internetdən aldığı kremdən istifadə edən xəstələrdən biri 4 gün reanimasiya şöbəsində nəzarətdə saxlanılıb. Xəstə nəfəs almaqda və danışmaqda çətinlik çəkib. Digər bir xəstə isə kremdən 2–3 gün istifadə etdikdən sonra ağır allergik reaksiya keçirib.
Yay aylarında günəş kremlərinə tələbatın artdığını xatırladan mütəxəssis bildirib ki, bu dövrdə saxta və təqlid məhsulların sayı da çoxalır. İstehlakçılar məhsul alarkən onun orijinal olmasına, tərkibinə və son istifadə tarixinə mütləq diqqət yetirməlidirlər.
O əlavə edib ki, bəzi saxta “günəş kremlərinin” tərkibində yalnız vazelin olur. Belə məhsullar günəşdən qoruma təmin etmir və istifadəçilər dərilərinin daha da qaralması ilə üzləşə bilirlər. Buna görə də yalnız etibarlı və təsdiqlənmiş məhsullardan istifadə etmək tövsiyə olunur.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

