İspaniyanın cənub-şərqində yerləşən Cumilla şəhərində Ramazan və Qurban bayramlarının ictimai yerlərdə qeyd olunması qadağan edilib.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu, ölkədə müsəlman dini bayramlarına qoyulan ilk rəsmi qadağa kimi qiymətləndirilir.
Qadağa qərarı şəhər bələdiyyəsində Mühafizəkar Xalq Partiyasının (PP) təşəbbüsü ilə qəbul olunub. Qərarın qəbuluna ifrat sağçı Vox partiyası bitərəf qalmaqla dolayısı ilə dəstək verib. Sol partiyalar isə buna etiraz ediblər.
Bələdiyyənin təsdiqlədiyi sənəddə bildirilir ki, “bələdiyyə idman obyektlərindən yalnız yerli hökumət tərəfindən təşkil edilən tədbirlər üçün istifadə oluna bilər və şəhərin kimliyinə yad olan dini, mədəni və ictimai fəaliyyətlərə icazə verilmir”.
Vox partiyası sosial şəbəkədə bu qərarı dəstəkləyərək bildirib: “Vox sayəsində İspaniyada İslam bayramlarını ictimai yerlərdə qadağan edən ilk qərar qəbul edildi. İspaniya xristianların ölkəsidir və həmişə belə qalacaq”.
İspaniya İslam Təşkilatları Federasiyasının rəhbəri Munir Bencelloun bu qərarı “islamofob və ayrı-seçkilikçi” adlandırıb. O, “El País” qəzetinə müsahibəsində deyib: “Başqa dinlərə toxunmurlar, yalnız bizim dinə qarşı yönəlirlər. Son vaxtlar irqçi ritorika və hücumlar bizi narahat edir. 30 ildə ilk dəfədir ki, qorxu hissi keçirirəm”.
Təxminən 27 min nəfərin yaşadığı Cumilla şəhərində əhalinin 7,5%-i əsasən müsəlman ölkələrindən gələn miqrantlardır.
Hüquqşünaslar və siyasi müxalifət bu qərarın İspaniya Konstitusiyasının 16-cı maddəsinə zidd olduğunu bildirirlər. Həmin maddədə fikir, din və inanc azadlığı təsbit edilir və bu azadlıqlara yalnız ictimai asayişə təhlükə olduğu halda məhdudiyyət qoyula bilər.
Mursiya bölgəsinin Sosialist Partiyasının lideri Fransisko Lukas açıqlamasında deyib: “PP konstitusiyanı pozur və sadəcə hakimiyyət uğrunda cəmiyyətin harmoniyasını riskə atır”.
Cumilla şəhərinin keçmiş meri, sosialist Juana Qvardiola isə bildirib: “Onlar kimlik deyəndə nəyi nəzərdə tutur? Bəs əsrlərlə bu torpaqlarda mövcud olmuş İslam irsi?”
Qeyd edək ki, tarixə görə, Cumilla 8-ci əsrdə ərəblərin nəzarətinə keçib və Yumilla adı ilə uzun müddət əsasən müsəlmanların yaşadığı şəhər olub. 13-cü əsrdə Kastiliya kralı Alfonso X tərəfindən ələ keçirilsə də, yerli əhali ilə hüquqları qoruyan razılaşma imzalanmışdı. Lakin sonradan Kastiliya orduları bölgəni yenidən işğal etmiş və müsəlman hakimiyyətinə son qoymuşdular.
Qərar Avropada islamofobiyanın artdığı dövrdə verildiyindən, hüquqi və ictimai etirazların artacağı gözlənilir.
Gundelik.az
