İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

İspaniya hökuməti iki israilli nazirin ölkəyə girişini qadağan edib

İspaniya hökuməti Qəzzada soyqırım, insan hüquqlarının pozulması və müharibə cinayətlərində əli olan şəxslərə qarşı tətbiq edilən sanksiyalar çərçivəsində İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə ölkəyə giriş qadağası qoyub.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Xarici işlər naziri Xose Manuel Albares Nazirlər Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, hər iki nazirin adı Şengen informasiya sisteminə əlavə ediləcək. O, həmçinin qeyd edib ki, artıq siyahıya 13 zorakılıq törədən yəhudi məskunlaşmaçısı da daxil edilib və bu siyahı açıq olaraq daim genişlənəcək.

Qərar, baş nazir Pedro Sançesin dünən İsrailə qarşı elan etdiyi doqquz maddəlik sanksiyalar paketindən sonra qəbul olunub. Bunun ardınca iki ölkə arasında diplomatik gərginlik daha da dərinləşib.

İsrail tərəfi isə cavab olaraq İspaniya hökumətini “antisemitizm”də ittiham edib və İspaniyanın baş nazirinin müavini, əmək və sosial iqtisadiyyat naziri Yolanda Diaz, həmçinin uşaqlar və gənclər naziri Sira Reqonun ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.

Gərginlik fonunda İspaniyanın xarici işlər naziri Albares İsrailin Madriddəki səfirini məsləhətləşmələr üçün XİN-ə çağırıb.

Gundelik.az