Bazar günü İranın Küveytdəki hərbi obyektə endirdiyi zərbə nəticəsində altı amerikalı əsgər həlak olub. Bu məlumatı ABŞ rəsmən təsdiqləyib. ABŞ Mərkəzi Komandanlığı əvvəlcə hadisə nəticəsində üç əsgərin öldüyünü bildirmişdi, lakin bazar ertəsi rəsmilər ölənlərin sayının iki dəfə artdığını açıqlayıblar. Onlardan biri aldığı yaralardan dünyasını dəyişib, daha iki cəsəd isə dağıntılar altından tapılıb. Müdafiə naziri Pit Heqset bildirib ki, İranın cavab zərbəsi hava hücumundan müdafiə sistemlərini keçərək Küveytdəki ABŞ bunkerinı vurub. O, bazar ertəsi keçirilən brifinqdə deyib: “Hərdən belə bir hadisə baş verə bilər.” Altı ölüm faktı ABŞ ordusunun İsraillə birlikdə İrana qarşı yeni müharibəyə başlamasından sonra təsdiqlənən yeganə itkilərdir. Brifinq zamanı Heqset əlavə edib ki, “güclü silah” möhkəmləndirilmiş “taktiki əməliyyat mərkəzini” vurub, lakin obyektin dəqiq yerləşməsi barədə əlavə məlumat verməyib. İranın hücumu barədə birbaşa məlumata malik olan üç ABŞ hərbi rəsmisi BBC-nin ABŞ-dakı tərəfdaşı CBS News-a bildirib ki, Küveytdə həlak olan hərbçilər ehtimal edilən dron hücumu nəticəsində ölüblər. Onlar müvəqqəti ofis kimi istifadə olunan məkanda çalışırdılar. Rəsmilər binanın kifayət qədər möhkəmləndirilib-möhkəmləndirilmədiyini sual altına alıblar. CBS News-a bildiriblər ki, ofis kimi treyler istifadə olunurdu və onu qorumaq üçün 12 fut (3,7 metr) hündürlüyündə poladla möhkəmləndirilmiş beton baryerlər quraşdırılmışdı. ABŞ ilə Küveyt arasında uzunmüddətli müdafiə əlaqələri mövcuddur və Körfəz ölkəsində 13 mindən çox amerikalı hərbçi yerləşdirilib. İran ona qarşı hücumlara cavab olaraq ABŞ-la müttəfiq olan Körfəz ölkələrinə raket zərbələri endirib. Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Oman və Qətər də hücumlara məruz qalıb. Küveytdə ayrıca bir hadisədə ABŞ üç döyüş təyyarəsinin “dost atəşi” kimi xarakterizə etdiyi insident nəticəsində vurulduğunu təsdiqləyib. Yayılan görüntülərdə təyyarələrin yerə doğru fırlandığı görünür. Pilotların hamısı katapult edərək xilas olublar və sağ qalıblar. İranın dövlət mediası isə sübut təqdim etmədən təyyarələrin İran ordusu tərəfindən vurulduğunu iddia edib.
Tərtib etdi:Jalə Əliyeva
Mənbə:BBC
Gundelik.az
