Sentyabr 1, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Qida allergiyası və qida həssaslığı necə fərqlənir: Hansı allergiyalar zamanla keçir?

Qida allergiyası ilə qida həssaslığı eyni anlayış deyil. Bu iki vəziyyəti düzgün ayırmaq vacibdir, çünki bəzi qida allergiyaları, xüsusilə uşaqlıq dövründə, zamanla keçir.

Qida allergiyası ilə həssaslığın fərqi nədir?

Qida həssaslığında (intolerans) immun sistemi iştirak etmir. Məsələn, laktoza və qlüten həssaslığı buna nümunədir. Şişkinlik, mədə narahatlığı, qaşınma və səpki kimi əlamətlər yaranır.

Qida allergiyasında isə immun sistemi qidanın tərkibindəki zülallara reaksiya verir. Ən çox rast gəlinən allergiya növü IgE vasitəli allergiyadır və reaksiya adətən qidanı qəbul etdikdən bir neçə dəqiqə sonra başlayır.

Allergik reaksiya yüngül ola bilsə də, bəzi insanlarda çox az miqdarda qida belə ciddi reaksiyaya səbəb olur.

Qida allergiyasının əsas əlamətləri

nəfəsalma çətinliyi, xırıltı və öskürək;

üz, ağız, boğaz nahiyəsində şişkinlik;

udma çətinliyi;

ağızda qarıncalanma;

səpki və qaşınma;

ishal və qusma.

Boğazda şişmə, nəfəs darlığı və ya anafilaksi əlamətləri yaranarsa, təcili tibbi yardım çağırılmalıdır. Anafilaksi sürətlə inkişaf edən və həyati təhlükə yarada bilən ağır allergik reaksiyadır.

Uşaqlarda hansı qidalara allergiya daha çox olur?

Uşaqlarda ən çox allergiya yaradan qidalar arasında:

inək südü;

yumurta;

yerfıstığı;

digər çərəzlər;

küncüt

yer alır.

Ağır ekzema olan uşaqlarda qida allergiyası riski daha yüksək olur. Ailədə allergiya tarixçəsinin olması da risk faktorlarından biridir.

Qida allergiyasının qarşısını almaq mümkündürmü?

Araşdırmalar göstərir ki, yerfıstığı və yumurta kimi geniş yayılmış allergenlərin təxminən 6 aylıq dövrdən etibarən körpələrin qida rasionuna uyğun şəkildə daxil edilməsi allergiya riskini azaltmağa kömək edir.

Lakin ailədə qida allergiyası varsa, yeni qidaların verilməsi ilə bağlı əvvəlcə həkimlə məsləhətləşmək lazımdır.

Hansı allergiyalar zamanla keçir?

Yaxşı xəbər odur ki, bəzi uşaqlar böyüdükcə müəyyən qida allergiyalarından xilas ola bilirlər. Bunlara əsasən:

inək südü;

yumurta;

buğda;

soya

allergiyaları daxildir.

Yerfıstığı, digər çərəzlər, küncüt, balıq və dəniz məhsullarına qarşı allergiyalar isə daha çox uzunmüddətli və ömürboyu davam edir.

Allergiyanın keçib-keçmədiyi necə müəyyən edilir?

Allergiyanın keçdiyini düşünərək qidanı evdə sınaqdan keçirmək təhlükəli olur. Mütəxəssislər bunu məsləhət görmür.

Allergiyanın aradan qalxıb-qalxmadığını müəyyən etmək üçün həkim nəzarəti altında oral qida sınağı aparılmalıdır. Bu zaman qida çox kiçik miqdarlardan başlayaraq, tibbi nəzarət altında tədricən artırılır.

Yeni müalicələr də inkişaf etdirilir

Qida allergiyalarının müalicəsində də yeni üsullar üzərində iş aparılır. Məsələn, yerfıstığı allergiyası üçün istifadə olunan bəzi müalicələr allergenə həssaslığı azaltmağa kömək edir.

Mütəxəssislər vurğulayırlar ki, qida allergiyası xüsusilə uşaqlıq dövründə zamanla dəyişir. Lakin allergiyanın həqiqətən keçib-keçmədiyini yalnız həkim müayinəsi və tibbi nəzarət altında aparılan testlər müəyyən edir.

 

Mənbə:BBC Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az