İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İranın 13 əyalətində dövlət idarələri bağlanır, tətillər başlayır

İranda davam edən şiddətli istilərin yaratdığı yüksək enerji istehlakının qarşısını almaq məqsədilə avqustun 23-də paytaxt Tehran da daxil olmaqla 13 əyalətdə dövlət qurumlarının fəaliyyəti dayandırılacaq.

Bu barədə Gundelik.az İran mətbuatına istinadən xəbər verir.

Rəsmi məlumatlara görə, həddindən artıq istilər səbəbindən dövlət qurumlarının bağlanması qərarı enerji sisteminin qorunması və ölkə üzrə elektrik tələbatının azaldılması məqsədilə qəbul edilib.

Qərara əsasən, Tehranla yanaşı, Əlborz, İsfahan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Kürdüstan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Qum, Kirman, Xuzistan, Şimali Xorasan və Yəzd əyalətlərində dövlət idarələri avqustun 23-də bağlı olacaq. Digər əyalətlərdə isə iş saatları səhər saat 06:00-dan 11:00-a qədər məhdudlaşdırılıb.

İran Meteorologiya Agentliyinin məlumatına görə, xüsusilə Xuzistan və İlam əyalətlərində temperatur 45 dərəcə Selsidən yuxarı qalxıb, Tehranda isə 40 dərəcəyə yaxınlaşıb.
Səlahiyyətlilər vətəndaşlara zərurət olmadıqca küçəyə çıxmamağı, günəş şüalarından qorunmağı və elektrik enerjisinə qənaət etməyi tövsiyə ediblər.

Son aylarda ölkədə enerji qənaəti tədbirlərinə geniş yer verilir. İsti hava şəraiti səbəbindən kondisionerlərdən intensiv istifadə edildiyi vaxtlarda enerji istehlakı pik həddə çatır. Bu səbəbdən hökumət son həftələr bir sıra bölgələrdə gündəlik iki saatlıq elektrik kəsintilərinə də müraciət edir.

Gundelik.az