Gundelik.az Dünya İran “vurarıq” demişdi: ABŞ Hörmüzü aça bilərmi
Dünya Xəbərlər

İran “vurarıq” demişdi: ABŞ Hörmüzü aça bilərmi

ABŞ və İsrailin İrana hücumları davam edir. Tehran strateji əhəmiyyətə malik Hörmüz boğazını bağladı və keçməyə çalışan hər bir gəminin vurulacağını elan etdi. ABŞ Prezidenti Tramp isə “Donanmamız gəmiləri qoruyacaq” dedi. Bu iki gücün Hörmüzdə qarşı-qarşıya gəlməsi halında müxtəlif ssenarilər mümkün görünür.

Ötən ilin iyun ayında 12 gün davam edən müharibə başa çatanda əslində hamı bunun son deyil, başlanğıc olduğu barədə həmfikir idi. Çünki İsrail və ABŞ-nin İrana yönəlik hücumlarının sadəcə “nüvə gücünü zəiflətmək” məqsədi daşımadığı aydın idi. Hər iki ölkə Tehranda rejimin və ya ən azı rejimin başındakı şəxsin dəyişməsini istəyirdi.

Bu prosesin davamı kimi 28 fevralda başlayan və İranın dini lideri Xamenei də daxil olmaqla çox sayda yüksək vəzifəli iranlının həyatını itirməsi ilə yeni mərhələyə keçən müharibənin bu günlərdə fərqli bir sahəyə keçə biləcəyi müzakirə olunur. İlkin mərhələdə hava qüvvələri və strateji hədəflərin vurulması üzərindən qurulan ssenari, Hörmüz boğazının da tənliyə daxil olması ilə dənizə də keçəcək kimi görünür.

İran müharibənin 5-ci günündə Hörmüz boğazını bağladığını və buradan keçməyə çalışan bütün gəmilərin vurulacağını elan etdi. Bölgədəki gəmi hərəkəti bir anda dayanma nöqtəsinə gəldi. Bəzi şirkətlər alternativ marşrutlara yönəldi, bəziləri isə Hörmüzə daxil olmayaraq açıq sularda lövbər saldı.

Tehranın bu addımına ABŞ Prezidenti Donald Tramp birbaşa cavab verdi. Prezidentə görə, dəniz ticarəti olduqca kritik idi və ABŞ Donanması oradan keçəcək hər bir gəmini qoruya bilərdi. Əlbəttə, bu “söz” müxtəlif müzakirələrə də yol açdı. Müdafiə və Dənizçilik üzrə mütəxəssis Kozan Səlcuq Erkana görə, hazırkı mərhələdə donanmasının olub-olmadığı belə mübahisə mövzusu olan İran ilə bölgədə ciddi hərbi qüvvə cəmləşdirən ABŞ-ni birbaşa müqayisə etmək mənasızdır.

Erkan bildirir ki, İran müharibənin əvvəlindən etibarən çox sayda dəniz qüvvəsini itirib. O, Trampın “Biz qoruyarıq” sözlərini isə belə şərh edir: “ABŞ mülki gəmiləri konvoy şəklində keçirərək onlara qoruyucu çətir tətbiq etməyi düşünür.”

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version