İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İran: Hörmüz boğazının açılması mümkün deyil

İranın nüvə danışıqları üzrə nümayəndəsi Məhəmməd Baqir Qalibaf, ABŞ və İsrailin atəşkəs qaydalarını pozduğunu əsas gətirərək Hörmüz boğazının açılmasının mümkün olmadığını bildirib. Qalibaf ABŞ-nin İran limanlarına tətbiq etdiyi dəniz blokadasını “qlobal iqtisadiyyatı girov saxlamaq” kimi qiymətləndirib.

İran Prezidenti Məsud Pezeşkian isə ölkəsinin danışıqlara açıq olduğunu, lakin “öhdəliklərin pozulması, blokada və təhdidlərin” real diplomatiyanın qarşısında əsas maneə olduğunu vurğulayıb.

Pakistanda keçirilməsi gözlənilən yeni sülh danışıqlarının isə hələ başlamadığı bildirilir.

Bölgədə gərginlik İran İnqilab Keşikçiləri Korpusunun (IRGC) Hürmüz Boğazında iki yük gəmisini saxlaması ilə artıb.

İranlı rəsmilər “MSC Francesca” və “Epaminondas” adlı gəmilərin “nəzarət məqsədilə” saxlandığını təsdiqləyiblər.

IRGC-nin açıqlamasında bildirilir ki, gəmilər “icazəsiz əməliyyat aparıb” və naviqasiya sistemlərini dəyişdirərək gizli şəkildə boğazdan çıxmağa cəhd ediblər.

Yunanıstan Xarici İşlər Naziri Giorgos Gerapetritis Yunanıstanın mülkiyyətində olan “Epaminondas” gəmisinə hücum edildiyini təsdiqləyib, lakin gəminin tam saxlanılıb-saxlanılmadığı barədə dəqiq məlumat verməyib. ABŞ Prezidenti Donald Tramp, çərşənbə günü bitməsi gözlənilən ABŞ–İran atəşkəsini uzadıb. Ağ Ev sözçüsü Karoline Leavitt bu uzadmanın “qeyri-müəyyən müddətli” olduğunu və yeni son tarix müəyyən edilmədiyini bildirib.

Leavitt əlavə edib ki, Tramp İranla bağlı dəniz blokadasından razıdır və İranın strateji baxımdan zəif mövqedə olduğunu düşünür. Ağ Ev həmçinin İranın son gəmi saxlamalarını ABŞ və ya İsrail gəmiləri olmadığı üçün atəşkəsin pozulması kimi qiymətləndirmədiyini açıqlayıb. Gərginliyin davam etdiyi vaxt ABŞ Müdafiə Nazirliyi Donanma katibi Con Felanın vəzifəsindən dərhal ayrıldığını elan edib. Onun yerinə Donanma müavini Hunq Kao müvəqqəti təyin olunub. Strateji ekspertlər hesab edirlər ki, Tramp administrasiyası prosesi uzadaraq iqtisadi təzyiqləri artırmaq və İranı zəiflətmək niyyətindədir. Bu arada qlobal bazarlarda narahatlıq davam edir və bəzi bölgələrdə yanacaq qiymətlərinin artdığı bildirilir.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az