Son günlər dünya gündəminin mərkəzində ABŞ ilə İran arasında artan gərginlik dayanır. Xüsusilə Donald Trump tərəfindən səsləndirilən sərt bəyanatlar və İrana verilən ultimatum beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Hörmüz boğazı ətrafında yaranmış vəziyyət isə qlobal iqtisadiyyat və təhlükəsizlik baxımından kritik əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Gundelik.az xəbər portalına açıqlama verən politoloq, elmlər doktoru Elşad Mirbəşiroğlu mövcud vəziyyəti şərh edib, mümkün ssenariləri təhlil edib.
Bu gün bütün dünyanı düşündürən əsas sual: Tramp İrana qarşı dediyi kimi addımlar atacaqmı?
– Bu suala birmənalı cavab vermək çətindir. Çünki Tramp öz mövqelərində tez-tez dəyişikliklər edir və sərt transformasiyalar nümayiş etdirir. ABŞ-ın İrana ciddi zərbələr endirmək imkanları var. Lakin İranı tamamilə məhv etmək mümkün deyil. İranın cavab reaksiyası qaçılmazdır və bu, münaqişənin daha da eskalasiya olunmasına səbəb ola bilər.ABŞ-ın mümkün zərbələrinin nəticələri nə ola bilər?
– Əgər ABŞ genişmiqyaslı zərbələr endirərsə, münaqişə daha ciddi mərhələyə keçəcək. Tərəflər arasında uzunmüddətli, dövri qarşılıqlı zərbələrlə müşayiət olunan bir vəziyyət yarana bilər. Bu, nə tam müharibə, nə də tam sülh vəziyyəti olacaq.
– İranın müqavimət imkanlarını necə qiymətləndirirsiniz?
İranın müqavimətsiz qalacağını düşünmək düzgün deyil. İran hərbi baxımdan müəyyən imkanlara malikdir və cavab vermək potensialı var. Son dövrlərdə yüksək texnologiyalı hərbi vasitələrin sıradan çıxarılması ilə bağlı məlumatlar da bunu göstərir.
Hörmüz boğazı məsələsinin əhəmiyyəti nədir?
– Hörmüz boğazı qlobal enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır. Onun bağlanması təkcə neft ixrac edən ölkələrə deyil, bütün dünya iqtisadiyyatına mənfi təsir edir. Yanacaq qiymətləri artır, Avropa ölkələri narahatlıq ifadə edir.
Tramp zərbələri təxirə salsa, vəziyyət necə inkişaf edə bilər?
– Bu halda da ciddi dəyişiklik gözlənilmir. Çünki tərəflərin mövqeləri diametral şəkildə fərqlidir. ABŞ uranın zənginləşdirilməsinin dayandırılmasını və boğazın açılmasını tələb edir, İran isə fərqli şərtlər irəli sürür.
İranın əsas tələbləri nələrdir?
– İran ABŞ-dan hücumların dayandırılmasına dair təminat istəyir. Eyni zamanda, nüvə proqramını beynəlxalq nəzarət çərçivəsində davam etdirmək niyyətindədir. Hörmüz boğazı üzərində nəzarətinin tanınmasını və istifadə qaydalarının müəyyənləşdirilməsini istəyir. Bundan əlavə, dəymiş ziyana görə kompensasiya tələbi də var.
Münaqişədən çıxış yolu varmı?
– Hazırda çıxış yolları məhduddur. Ən real variant kompromisdir. Bu prosesdə vasitəçi ölkələrin – Türkiyə, Misir və Pakistanın rolu böyük ola bilər.
Bu qarşıdurmanın uzunmüddətli təsirləri nə olacaq?
– Bu münaqişədən sonra regionda təhlükəsizlik arxitekturası əvvəlki kimi olmayacaq. Eyni zamanda, bu proses Donald Trump üçün də ciddi siyasi risklər yaradır. Onun gələcək siyasi perspektivləri həm ABŞ-da, həm də dünyada diqqətlə izlənilir.
Gundelik .az

