İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

İran Azərbaycan üzərindən Rusiyadan qaz tədarükünə başlayır

İranın Rusiyadakı səfirliyi yaxın aylarda Rusiya qazının İslam Respublikasına tədarük olunacağını açıqlayıb.

Gundelik.az “Cahan News”a istinadə məlumatına görə, İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib ki, Rusiya nümayəndə heyəti yaxın günlərdə Tehrana səfər edəcək və qazın qiyməti ilə bağlı danışıqlar aparacaq. Onun sözlərinə görə, tədarük razılaşmasının digər bütün şərtləri artıq razılaşdırılıb.

Diplomat qeyd edib ki, qazın birinci mərhələdə tədarükü bir neçə aydan sonra başlayacaq, lakin növbəti mərhələlər üçün əlavə infrastruktur tələb olunacaq. Cəlalinin sözlərinə görə, bu məqsədlə Rusiya tərəfi sərmayə yatırıb.

Səfir xatırladıb ki, İran “Qazprom”la intensiv danışıqlar aparır və Azərbaycan üzərindən qaz nəqlinə dair, demək olar ki, bütün məsələlər razılaşdırılıb. Qeyd edək ki, ötən ilin yayında “Qazprom” və İranın Milli Qaz Şirkəti (NIGC) Rusiya qazının İrana nəqli üçün strateji memorandum imzalamışdı.

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani həmin vaxt bildirmişdi ki, Rusiya İslam Respublikasının regional enerji mərkəzinə çevrilməsində mühüm rol oynayacaq. Onun sözlərinə görə, Rusiyadan tədarük edilən qaz Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə həm ölkənin şərq və cənub bölgələrinə, həm də dünyanın digər regionlarına çatdırıla biləcək.

Qeyd edək ki, bundan əvvəl İran prezidenti də Rusiya ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində maneələrin aradan qaldırılacağına söz verib.

Gundelik.az