İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İran: ABŞ-ın təklifləri qeyri-real və məntiqsizdir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekayi bildirib ki, ABŞ-ın təqdim etdiyi 15 maddəlik təklif əsasən “çox iddialı, real olmayan və məntiqsiz tələblərdən ibarətdir”.

Bekayi Tehranda keçirdiyi həftəlik mətbuat konfransında deyib ki, ABŞ rəsmiləri tez-tez mövqelərini dəyişir və ziddiyyətli açıqlamalar verirlər.

O, Pakistanın qonşu ölkələrlə keçirdiyi görüşlərə də toxunaraq qeyd edib ki, bu görüşlər Pakistanın öz planları çərçivəsində baş tutur və İran bu prosesdə iştirak etmir.

Bekayi həmçinin Türkiyə ilə münasibətlərə də münasibət bildirib: İranın Türkiyə ilə dost münasibətləri var və tərəflər daim əlaqə saxlayır. O, Türkiyənin regionda sülh və təhlükəsizliklə bağlı təşəbbüslərini müsbət qiymətləndirib.

İran rəsmisi vurğulayıb ki, hər hansı ölkənin öz ərazisini başqa dövlətə qarşı hücumlar üçün istifadə etdirməsi beynəlxalq hüquqa ziddir və sadəcə “biz müharibənin tərəfi deyilik” demək kifayət etmir.

Birləşmiş Ərəb Əmirliklərinin iranlıların əmlakına əl qoyacağı iddialarına cavab olaraq isə Bekayi bildirib ki, İran vətəndaşlarının maraqları qorunacaq.

O, İranın Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərinin davam etdiyini, həmçinin Livandakı səfirliyin fəaliyyət göstərdiyini də qeyd edib.

Buşehr Atom Elektrik Stansiyasına hücumların təhlükəli olduğunu deyən Bekayi, bunun ABŞ və İsrailin “heç bir qırmızı xətt tanımadığını” göstərdiyini iddia edib.

İranın İsrailə qarşı hücumlarda kaset bombalarından istifadə etdiyi iddialarını isə o, qəti şəkildə təkzib edib.

Hörmüz boğazında yaranmış vəziyyətə də toxunan Bekayi bildirib ki, neft qiymətlərinin artmasına İran səbəb deyil; vəziyyət ABŞ və İsrailin hücumlarından sonra yaranıb.

Sonda o, İranda universitetlərə və media qurumlarına edilən hücumları sərt tənqid edib və İranın Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsində (NPT) qalmağa davam etdiyini, lakin hüquqlarından istifadə edə bilməyəcəyi halda bunun mənasının sual altında olduğunu deyib.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az