Qalıq yanacaq istifadəsi nəticəsində yaranan iqlim dəyişikliyi son günlər Avropaya təsir edən istilik dalğasında ölənlərin sayının üç dəfə artmasına səbəb olub.
Gundelik.az xəbər verir ki, bu barədə London İmperial Kolleci və London Gigiyena və Tropik Tibb Məktəbinin rəhbərlik etdiyi sürətli atribusiya təhlili iqlim dəyişikliyinin Avropadakı həddindən artıq istilik dalğalarına və nəticədə insan itkisinə təsirini araşdırıb.
Müvafiq olaraq Milan, Barselona, Paris, London, Roma, Madrid, Afina, Budapeşt, Zaqreb, Frankfurt, Lissabon və Sassari (İtaliya) daxil olmaqla, Avropanın 12 şəhərində 23 iyun – 2 iyul tarixlərində müşahidə olunan ekstremal temperatur qlobal istiləşmə ilə əlaqədar mövsümi normadan 1-4 dərəcə yuxarı olub.
Bu dövrdə istiliklə bağlı 2300 ölümdən təxminən 1500-ü iqlim dəyişikliyinin səbəb olduğu yüksək temperatur səbəbindən baş verib. Beləliklə, məlum olub ki, iqlim dəyişikliyi səbəbindən həddindən artıq istilər ölümlərin 3 qat artmasına gətirib çıxarıb.
Ən çox təsirlənən qrup yaşlılardır
Yaşlılar temperaturdan ən çox təsirlənən qrup olaraq qiymətləndirilib. Belə ki, araşdırmalar zamanı məlum olub ki, iqlim dəyişikliyi ilə bağlı ölümlərin 88 faizi 65 və yuxarı yaşda olanlar arasındadır.
Digər tərəfdən, 20-64 yaş arasında ən azı 183 nəfərin istilər səbəbindən həyatını itirdiyi müəyyən edilib.
Milan, Barselona, Paris və London şəhərləri arasında iqlim dəyişikliyindən ölənlərin sayı sözügedən dövrdə ən yüksək olub.
Tədqiqatçılar daha şiddətli istilik dalğalarının və artan ölümlərin qarşısını almaq üçün fosil yanacaq istifadəsini azaltmaq və xalis sıfır emissiya hədəflərinə nail olmaq üçün təcili ehtiyac olduğunu vurğulayaraq, Avropada istiliklə bağlı ölümlərin daha yüksək ola biləcəyi barədə xəbərdarlıq edir.
“2-3 dərəcə temperatur fərqi minlərlə insanın həyatına son qoya bilər”, – araşdırmaçılar bildirir.
London İmperial Kollecinin Ətraf Mühit Siyasəti Mərkəzinin tədqiqatçısı Ben Klark qeyd edib: “Temperaturda cəmi 2-3 dərəcə fərq minlərlə insan üçün həyati təhlükələrə səbəb ola bilər. Biz qlobal temperatur artımının sənayedən əvvəlki 1,3 dərəcəni aşdığı bir nöqtədəyik. Bu temperatur artımı əsrin sonunda 3 dərəcəyə çata bilər”.
London İmperator Kollecinin Grantham İnstitutunun İqlim Dəyişikliyi Ətraf Mühit və Təbii Sərvətlər Departamentinin İqlim Elmləri üzrə baş müəllimi Friederike Otto da daha çox neft, kömür və qazın yandırılmasının daha çox ölümə səbəb olacağını vurğulayıb.
“Avropanın istilik dalğalarının daha da ölümcül olmasını dayandırmağın yeganə yolu qalıq yanacaqların yandırılmasını dayandırmaqdır. Bərpa olunan enerjiyə keçid, həddindən artıq istilərə davamlı şəhərlər tikmək və ən yoxsul və ən həssas insanları qorumaq hər il minlərlə insanın həyatını xilas edə bilər”, – o bildirib.
Gundelik.az

