İyul 8, 2026
Baku
Dünya Xəbərlər

iPhone 18 Pro: Apple qiyməti sabit saxlayaraq rəqibləri kölgədə qoya bilər

Apple-ın iPhone 18 Pro modeli gələn il şirkətin ən güclü silahlarından birinə çevrilə bilər. Amma bunun səbəbi ucuz olması deyil — rəqiblərinin daha da bahalaşması ola bilər.

Cənubi Koreyalı bir sızdırıcının iddiasına görə, süni intellekt serverlərinə artan tələbat səbəbindən yaddaş təchizatçıları prioriteti həmin sahəyə verdiyi üçün Apple, xüsusilə Pro modellərində istifadə ediləcək DRAM və NAND yaddaşlarının daha yüksək qiyməti ilə üzləşir. Hətta şirkətin növbəti prosessorunun da əvvəlki nəsildən baha başa gələcəyi bildirilir.

Ancaq sızıntının ən maraqlı tərəfi xərclərin artması deyil. Məlumata görə, Apple bu əlavə xərclərin böyük hissəsini alıcıya yükləmək əvəzinə özü qarşılamaq istəyir. Şirkət, Android telefonları demək olar ki, bütün seqmentlərdə bahalaşdığı halda, yeni iPhone 18 Pro modelinin qiymətini indiki nəsillə eyni səviyyədə saxlamağa çalışır. Analitik Ming-Chi Kuo da hesab edir ki, Apple rəqabət qabiliyyətini qorumaq üçün qiymət artımından mümkün qədər qaçmağa çalışır.

Əgər bu baş versə, Apple-ın rəqiblərinə təzyiq göstərmək üçün daha ucuz qiymət təklif etməsinə ehtiyac qalmayacaq. Sadəcə özü sabit qalacaq, rəqibləri isə qiymətləri artırmağa məcbur olacaq. Android istehsalçılarının komponent bahalaşmasını öz üzərlərinə götürmək imkanları Apple qədər geniş deyil və bəzi hesabatlarda yaddaş qiymətlərinin artımı artıq bütün sənaye üçün problem kimi göstərilir.

Əgər Apple tədarük zəncirindəki gücündən istifadə edib iPhone 18 Pro qiymətini indiki səviyyəyə yaxın saxlaya bilsə, premium seqmentdə “qiymətə dəyərmi?” sualına baxış sürətlə dəyişə bilər. Çünki bu kateqoriyada alıcılar onsuz da büdcələrinin son həddinə qədər gedirlər.

Apple-ın iPhone 18 Pro modelinin “ucuz telefon” olmasına ehtiyacı yoxdur. Sadəcə, digər markalar bahalaşdıqca onun daha “ölçülü və ağıllı qiymət siyasəti” aparan telefon kimi görünməsi kifayətdir.

Mənbə: Digital Trends

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az