Gundelik.az Elm və təhsil İnsanlıq tarixinin bitməyən savaşları: Tarixdə indiyədək neçə müharibə olub?
Elm və təhsil

İnsanlıq tarixinin bitməyən savaşları: Tarixdə indiyədək neçə müharibə olub?

İlk daş baltadan süni intellektə qədər uzanan insan səyahətinin kölgəsində qanlı bir iz vardır: MÜHARiBƏ.
Biz, statistikaya maraqlı nəzər salmağa öyrəşmiş oxucular üçün hər zaman bir suala cavab axtarmışıq: Dünya tarixində indiyə qədər neçə müharibə baş verib? Cavab sadə bir ədəd kimi görünmür, o, müharibəyə verilən anlayışdan, arxiv boşluqlarından və metodoloji xırdalıqlardan ibarət bir labirintdə gizlənir.
Müharibə rəqəmlərə sığmır, amma rəqəmlər danışır
Tarixi tədqiqatlarda “müharibə”nin sərhədləri 
hər kəsin razılaşdığı yeknəsəq bir ölçü vahidi deyil. Kimisi üçün min döyüş itkisi şərtdir, kimisi üçün qırx nəfərlik qarşıdurma da savaş sayılır.
Peter Brecke-nin “Conflict Catalog”u XIV əsrdən bu günədək azı 32 ölüm olan 3 213 silahlı toqquşma qeydə alıb və arxivlər tam açılsa, bu göstəricinin 4000-dən çox olacağını bildirir.
“Correlates of War” (COW) layihəsi 1816-cı ildən 2007-ci ilə qədər min və daha çox döyüş itkisinə malik 474 dövlətlərarası və daxili müharibə kodlaşdırıb, eyni bazanın genişləndirilmiş nəşri həmin dövrü əhatə edən minə yaxın silahlı qarşıdurmanın olduğundan xəbər verir.
Uppsala Universitetinin UCDP sistemi II Dünya müharibəsindən bu yana – yəni 1946-2023-cü illər arasında dövlətin tərəf kimi iştirak etdiyi təxminən 285 münaqişə qeydə alır.
Maraqlıdır ki, təkcə ötən il aktiv müharibə statusunda olan münaqişələrin sayı 59-a çataraq rekord qırdı.
Bunlar səslənən ən mötəbər rəqəmlərdir, amma onlar belə yalnız “görünən buz dağı”nı göstərir. Orta əsrlərin öncəsi üçün toplu statistika demək olar ki, mifologiya ilə tarix arasında itir. Çünki məsələn, Assuriya salnamələrinin “döyüş” dediyi hadisə ilə Çin xronikasının “üsyan” adlandırdığı toqquşmanı eyni kodla oxumaq bəzən mümkün olmur.
Metodologiyanın gizlətdiyi həqiqət
Rəqəmlərin dalınca qaçarkən mühüm bir detalı unuda bilərik: mühariənin anlayışını genişləndirdikcə rəqəm də böyüyür. Məsələn, Brecke üçün qırx nəfər kifayətdir, COW üçün min nəfər azdırsa – on minlərlə “xırda” döyüş statistikanın kənarında qalır. Qərbləşmiş akademik kodlaşdırma dövlət anlayışını
mərkəzə çəkdiyi üçün qədim tayfa toqquşmaları və ya orta əsr din savaşlarının kiçik epizodları çox vaxt “müharibə” siyahısına düşmür. Digər tərəfdən, bu məsələdə mənbə məhdudiyyəti problemi də vardır. Roma imperiyasının sərhədlərindəki lokal çaxnaşmalar, yaxud Səfəvi-Osmanlı sərhəd qalalarında baş vermiş minlərlə toqquşma sadəcə kronika qeydindən ibarətdirsə, onları müasir metodla “ölçmək” demək olar ki, imkansızdır.
Bəs yekun ədəd nədir?
Ən konservativ bazalar belə minlərlə müharibədən danışır, qeyri-akademik kronikalar on minləri keçən siyahılar tərtib edir. Müharibə anlayışını “dövlətlərarası, min nəfərdən çox itki” kimi məhdud tutsaq, son iki yüz il üçün təxminən beş yüz müharibə rəqəmi akademik konsensusdur. Əhatəni genişləndirib bütün daxili, kolonial və qeyri-
dövlət münaqişələrini də daxil etsək, eyni dövr üçün mindən çox silahlı qarşıdurma görürük. Daha uzaq tarixə – antik və orta əsrlərə – doğru getdikcə ehtimallar bir neçə mindən on minlərlə arası dəyişir.
Yəni “dünya tarixində neçə müharibə olub?” sualının tək cümləlik cavabı yoxdur. Real rəqəm müharibəyə verdiyiniz anlayışa, etibar etdiyiniz arxivə və statistikanın nələri “müharibə” adlandırdlmasına bağlı olaraq sürətlə dəyişir.
Niyə bu sual əhəmiyyətlidir?
Rəqəmin özü simvolikdir. O, bizə ən çox da sülhün nə qədər kövrək olduğunu xatırladır. Müasir beynəlxalq hüquq, BMT nizamnaməsi və regional təhlükəsizlik mexanizmləri müharibəni formal olaraq qadağan etsə də, hər yeni dataset göstərir ki, “qadağa” hələ də “gerçəklik” demək deyil. Statistikaya nəzər
salmaq, yalnız tarixdə neçə müharibə olmasını öyrənmək deyil, həm də gələcəkdə nə qədərinin qarşısını necə ala biləcəyimizi düşünmək deməkdir.
Son söz
Müharibələr nömrələnə bilməyəcək qədər çox, lakin dərs ala bilməyəcək qədər az deyil. Hər rəqəm – istər Peter Brecke-nin 3 000-i, istər COW-un 474-ü – arxasında minlərlə insan taleyi saxlayır. Statistikada silinən bu talelər bizi bir sual ətrafında birləşdirir: “Növbəti müharibə statistikanın  hansı sütununda görünmədən öncə onu necə dayandıra bilərik?” Cavab tapmaq isə tarixlə hesablaşmaq qədər, gələcəyi dizayn etmək məsuliyyəti də tələb edir.
Yunis Xəlilov
Hüquqşünas
Gundelik.az
Exit mobile version