Gundelik.az Ölkə Sağlamlıq İnsan niyə özünü başqaları ilə müqayisə edir? – Sevda Əliyeva sosial medianın təsirindən danışdı
Ölkə Sağlamlıq Xəbərlər

İnsan niyə özünü başqaları ilə müqayisə edir? – Sevda Əliyeva sosial medianın təsirindən danışdı

Bir insan səhər gözünü açan kimi telefonunu əlinə alır. Sosial şəbəkələrdə kimsə yeni işə başlayıb, biri xaricə səyahət edir, digəri nişanlanıb, başqa biri isə həyatının ən xoşbəxt anlarını paylaşır.

Bir neçə dəqiqə ərzində insan öz həyatına baxaraq “Mən niyə belə deyiləm?”, “Məndə nə çatmır?” suallarını verməyə başlaya bilər.

Əslində isə sosial mediada gördüyümüz həyat çox vaxt reallığın yalnız seçilmiş hissəsidir. İnsanlar adətən uğurlarını, xoşbəxt anlarını və yaxşı göründükləri kadrları paylaşırlar. Nəticədə qarşı tərəfin ən yaxşı anları ilə öz həyatımızın gündəlik çətinliklərini müqayisə edirik. Bu vəziyyət xüsusilə sosial mediadan daha çox istifadə edən gənclərdə özünəinam, psixoloji rahatlıq və həyatından məmnunluqla bağlı problemlərə səbəb ola bilər.

“İnsan öz həyatını başqasının göstərdiyi həyatla müqayisə edir”

Mövzu ilə bağlı psixoloq Sevda Əliyeva Gundelik.az-a açıqlamasında bildirib ki, insanın özünü başqaları ilə müqayisə etməsi təbii psixoloji prosesdir. Lakin sosial media bu müqayisəni daha geniş və davamlı hala gətirib.

“İnsan özünü başqaları ilə müqayisə etməklə müəyyən mənada öz mövqeyini, imkanlarını və həyatındakı vəziyyəti qiymətləndirir. Bu, əvvəllər də var idi, sadəcə sosial media bu prosesi daha da gücləndirib. İnsan artıq yalnız yaxın çevrəsindəki insanlarla deyil, dünyanın müxtəlif yerlərindən yüzlərlə insanla özünü müqayisə edir. Burada əsas problem odur ki, biz qarşı tərəfin həyatının tamamını deyil, onun bizə göstərdiyi hissəni görürük. İnsan öz həyatındakı uğursuzluqları, problemləri, maddi və emosional çətinlikləri qarşı tərəfin ən yaxşı anları ilə müqayisə edir. Bu isə zamanla ‘mən geridə qalmışam’, ‘mən kifayət qədər uğurlu deyiləm’ və ya ‘mənim həyatım niyə belə deyil?’ kimi düşüncələr yarada bilər. Xüsusilə gənclər özlərini həmyaşıdları ilə müqayisə etməyə daha meyilli olduqları üçün bu təsir onlarda daha qabarıq görünə bilər”, – deyə psixoloq bildirib.

Sevda Əliyeva qeyd edib ki, sosial mediada davamlı müqayisə insanın gündəlik psixoloji yükünü də artıra bilər. Gün ərzində iş, təhsil, ailə və digər məsuliyyətlərin yaratdığı stressin üzərinə sosial şəbəkələrdən gələn informasiya yükü də əlavə olunur. Xüsusilə insan gördüyü paylaşımları öz həyatı üçün ölçü kimi qəbul etdikdə narazılıq və daxili gərginlik arta bilər.

“Yuxu keyfiyyəti də psixoloji vəziyyətə təsir edir”

Psixoloqun sözlərinə görə, sosial medianın təsiri yalnız insanın özünü başqaları ilə müqayisə etməsi ilə məhdudlaşmır. Telefon və sosial şəbəkələrdən xüsusilə gecə saatlarında uzun müddət istifadə etmək yuxu rejiminə və ümumi psixoloji vəziyyətə də təsir göstərə bilər.

“İnsan gün ərzində onsuz da müəyyən psixoloji yüklə qarşılaşır. İş, dərs, ailə münasibətləri, maddi məsələlər və digər problemlər stress yarada bilər. Əgər bunun üzərinə gün ərzində fasiləsiz informasiya axını da əlavə olunursa, insanın zehni olaraq dincəlməsi çətinləşir. Xüsusilə yatmazdan əvvəl sosial şəbəkələrdə uzun müddət vaxt keçirmək beynin aktivliyini artıraraq yuxuya keçidi çətinləşdirə bilər. Yuxu keyfiyyəti pozulduqda isə insan növbəti gün daha tez yorula, diqqətini toplamaqda çətinlik çəkə və daha həssas reaksiya verə bilər. Bu da gündəlik stressin daha ağır hiss edilməsinə gətirib çıxara bilər”, – deyə S.Əliyeva vurğulayıb.

Psixoloq gənclərə sosial mediadan istifadə zamanı öz həyatlarını orada gördükləri görüntülərlə müqayisə etməməyə çalışmağı tövsiyə edib. Onun sözlərinə görə, sosial şəbəkələrdə paylaşılanların real həyatın tam mənzərəsi olmadığını xatırlamaq vacibdir.

Mütəxəssis həmçinin insanın özündə davamlı narazılıq, güclü stress, yuxu pozuntusu və ya gündəlik fəaliyyətə mane olan psixoloji gərginlik hiss etdiyi halda bu vəziyyəti görməzlikdən gəlməməsinin vacibliyini bildirib.

Nəticədə sosial media nə tamamilə mənfi, nə də tamamilə müsbət vasitədir. Əsas məsələ ondan necə istifadə edilməsidir. İnsan başqalarının həyatını özünə meyar etmək əvəzinə, öz inkişafına, real məqsədlərinə və gündəlik həyatındakı balansına diqqət yetirdikdə sosial müqayisənin yaratdığı psixoloji təzyiqi azaltmaq mümkündür.

Nurəddin Abdullayev
Gundelik.az

Exit mobile version