Gundelik.az Dünya İngiltərədə siyasi böhran: Nazir və deputatlar baş nazirin istefasını tələb edir
Dünya Xəbərlər

İngiltərədə siyasi böhran: Nazir və deputatlar baş nazirin istefasını tələb edir

İngiltərənin Xarici İşlər naziri Yvette Cooper və Daxili İşlər naziri Shabana Mahmood hakimiyyətdə olan İşçi Partiyasından 77 deputata qoşularaq Baş nazir Keir Starmerin istefasını tələb ediblər.

İngiltərədə Baş nazirin istefasını tələb edənlərə Xarici İşlər və Daxili İşlər nazirləri də qoşulub

İngiltərə mətbuatında yayılan xəbərə görə, 7 mayda keçirilən yerli seçkilər və Şotlandiya ilə Uelsdəki regional parlament seçkilərində böyük məğlubiyyət yaşayan İşçi Partiyasında Starmerin istefasını tələb edənlərə daha 3 nazir də qoşulub.

Hökumət mənbələrinin məlumatına görə, Starmerin istefasını tələb edən 3 nazirdən ikisi Xarici İşlər naziri Cooper və Daxili İşlər naziri Mahmooddur.

Lakin hökumət mənbələri səhər keçiriləcək kabinet iclasından əvvəl istefa tələb edənlərin hələlik azlıqda olduğunu da bildirib.

Baş nazir Starmerin istefasını tələb edən İşçi Partiyası deputatlarının sayı 77-yə yüksəlib. Onun vəzifədən getməsini istəyən nazir müşaviri olan deputatların sayı isə 2 nəfər artaraq 5-ə çatıb.

Daxili İşlər, Səhiyyə və Ətraf Mühit nazirlərinin parlamentdəki müşaviri olan deputatlardan sonra baş nazir müavini və kabinet ofisi müşavirləri də Starmeri istefaya çağırıblar.

Bu 5 deputat nazir müşaviri vəzifələrindən də istefa verdiklərini açıqlayıblar.

Starmeri istefaya çağıran deputatların bir hissəsi Mançester meri Andy Burnhamın deputat olub partiya lideri olmasını dəstəkləyir, Səhiyyə naziri Wes Streeting də namizədlər arasında göstərilir.

Seçkilərdə ağır məğlubiyyət

İngiltərədə 7 mayda keçirilən yerli seçkilərdə İşçi Partiyası 2403 mandatdan 1406-nı itirib, Londonda isə 19 bələdiyyədən 9-u əldən çıxıb.

Şotlandiya və Uelsdə keçirilən regional seçkilərdə də partiya ciddi məğlubiyyət alaraq hər iki bölgədə üçüncü yerə düşüb.

Şotlandiyada birinci yeri yenə Şotlandiya Milli Partiyası, ikinci yeri isə Reform UK Partiyası tutub. Uelsdə isə İşçi Partiyası hakimiyyəti itirib və birinci yerə Plaid Cymru çıxıb, ikinci isə Reform UK olub.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version