Hüquq nəzəriyyəsində hüququn mənbəyi dedikdə, hüquq normalarının ifadə forması anlaşılır. Bu mənada Yaponiyanın hüquq sistemi və bu ölkədə hüququnun mənbələri də onun mənşəyi ilə üzvi surətdə bağlı hesab edilir. Burada həm kontinental hüququnun, həm də Amerikan hüquq sisteminin elementləri, eyni zamanda
Yaponiyanın adət sistemi öz təsiri göstərmişdir.
Professor Hiroshi Oda “Yaponiya hüququ” kitabında Yaponiya hüququnun mənbələrini geniş anlamda aşağıdakı kimi qruplaşdırır:
1) Konstitusiya (Ali Qanun);
2) Statut hüququ (Statutory Law); Statut hüququ — anqlosakson hüquq sisteminə malik olan ölkələrdə qanunvericilik orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən yaradılan hüquq normalarının məcmusudur.
3) Subordinativ hüquq; Həvalə edilmiş (subordinativ və ya subsidiar hüquq) hüquq parlamentin qanunyaradıcılığı səlahiyyəti verdiyi şəxslər və ya orqanlar tərəfindən qəbul edilən qanunlara aiddir.
4) Beynəlxalq müqavilələr;
5) Hakim tərəfindən hazırlanan Hüquq (Judge-Made Law); anqlosakson hüququnda (həmçinin məhkəmə presedenti, hakim tərəfindən “hazırlanmış” qanun və ya presedent hüququ kimi də tanınır) şifahi və ya yazılı rəylər formasında ifadə olunan hakimlər və oxşar kvazi-məhkəmə tribunalları tərəfindən yaradılan hüquq normalarının məcmusudur.
6) Sirkulyarlar və Administrativ qaydalar (Tsutatsu); Nazirliklərin və digər inzibati qurumların sirkulyarları (tsutatsu) inzibati qaydalar kimi təsnif edilir.
7) İnzibati Rəhbər müddəalar; İnzibati rəhbər prinsiplər şəxsdən hər hansı bir hərəkət etməyi və ya hərəkətdən çəkinməyi tələb edən, lakin bu şəxsin hüquq və öhdəliklərinə məhdudiyyətlər qoymayan və ya hər hansı şəkildə təsir göstərməyən Hökumətin səlahiyyətli orqanı tərəfindən inzibati məqsədləri həyata keçirmək üçün verilən təlimat, tövsiyə və ya məsləhət xarakterli akt başa düşülür.
8) Yerli (lokal) Qaydalar;
9) Adət hüququ;
10) Doktrinalar və ya alimlərin elmi rəyləri.
İkinci Dünya müharibəsinə qədər Yaponiyanın hüquq sistemi aşağıdakı müvafiq hüquq sahələrini əhatə edirdi: konstitusiya hüququ, inzibati hüquq, mülki-prosessual hüquq, ticarət və ya biznes hüququ, cinayət hüququ və cinayət-prosessual hüquq.
Əsas qanunvericilik toplusu Yaponiyada hər il fərdi naşirlər tərəfindən “Altı qanunun tam toplusu” adı ilə nəşr edilir. Bu sadəcə XIX əsrdən qalan bir ənənədir ki, o zamanlarda qanun toplusu altı məcəlləni əhatə edirdi. Müasir zamanda qanunvericilik toplusu həddindən artıq çoxlu sayda normativ aktlardan ibarətdir və ənənəvi altı qanundan əlavə burada hüququn yeni sahələrinə aid qanunlar da məsələn, maliyyə hüququ, məhkəmə hüququ, əmək hüququ, təbiətin mühafizəsi hüququ, sosial təminat, təsərrüfat, vergi hüququ və s. daxil edilmişdir.
Müasir Yaponiya hüquq elmində hüquq sahələrinin təsnifatı haqqında yekdil bir fikir yoxdur. Əmək hüququ sahəsi İkinci Dünya müharibəsindən sonra, sosial təminat hüququ isə 60-cı illərdə yaranmışdır.
İcra hakimiyyəti orqanlarının səlahiyyətlərinin və fəaliyyətinin genişlənməsi və inzibati hüquq aktlarının sayının artması ilə inzibati hüquq sahəsinin müxtəlif hissələrə bölünməsinə əsas verdi. İnzibati və mülki hüquq sahələrinin kəsişməsində hüquq sistemində yeni hesab edilən torpaq hüququ, təhsil hüququ, səhiyyə hüququ, təbiətin mühafizəsi hüququ kimi sahələr yarandı. Ailə hüququ mülki hüququn bir sahəsi hesab edilsə də, onu müəyyən qədər hüququn müstəqil sahəsi hesab etmək olar.
Yuxarıda göstərilən bölgüdən başqa, Yaponiyanın hüquqşunas alimləri Yaponiya hüquq sisteminin təsnifatını müxtəlif xüsusiyyətlərə görə təsnifləşdirirlər: ümumi və xüsusi hüquq; mülki hüquq və sosial hüquq; yeni dövr hüququ və müasir hüquq. Yaponiya hüququnun əsas mahiyyətini ifadə edən bu bölgü aşağıda daha ətraflı izah edilir.
Hüquq nəzəriyyəsində hüququn ümumi və xüsusi hüquqa bölünməsi konsepsiyası Yaponiya hüququna da xasdır. Kontinental hüquq sisteminin ənənələrinə əsaslanaraq, Yaponiya hüququ ümumi və xüsusi hissəyə bölünür. Ümumi hüquq dedikdə, konstitusiya hüququ, inzibati, cinayət və prosessual hüquqlar başa düşülür, xüsusi hüquqa isə mülki və ticarət hüququ aid edilir. Lakin, ümumi olaraq qəbul olunmuşdur ki, bu formal bölgünün elə böyük bir əhəmiyyəti yoxdur. Belə ki, qüvvədə
olan konstitusiyada dövlət quruluşu ilə yanaşı bir çox normalar (ailə-nikah hüququ, əmlak məsələləri) vardır ki, xüsusi hüququn əsasını təşkil edirlər. Bundan əlavə, hüququn yeni yaranmış sahələri mövcuddur ki, (məslən, əmək hüququ, təsərrüfat hüququ) onlar bu cür təsnifatda heç bir sahəyə aid edilə bilməz.
Yaponiya hüququnda digər bir təsnifat isə mülki hüquq (geniş mənada) və sosial hüquq bölgüsüdür. Hüququn bu iki sahəsinin bölgüsü məsələsi Yaponiyada 30-cu illərdən huquqşunasların mübahisə predmetinə çevrilmişdir. Lakin əsas mübahisə 50-ci və 60-cı illərdə aparılmağa başladı. Yaponiyada mülki hüquq termini geniş mənada mülki cəmiyyətin hüququ kimi başa düşülür. 60-cı illərdə Yaponiyada iqtisadiyyatın genış templərlə inkişaf etməsi müxtəlif hüquqi problemlərin yaranmasına
səbəb oldu ki, bu da hüququn sahələrə bölünməsi nəzəriyyəsi çərçivəsində mülki hüquqa geniş mənada və sosial hüquqa bölünməsi anlamına gəlmirdi. Bu isə öz növbəsində Yaponiya hüquqşunas alimlərinin bölgü nəzəriyyəsinə olan maraqlarını azaltmış oldu.
Tarixi dövrlər üzrə hüququnun bölgüsünə əsaslanan təsnifat yeni dövr hüququ və müasir hüquq bolgüsüdür. Bu təsnifat yapon dilində mənaca bir birinə yaxın olan iki terminə -“Kinday” (ən yeni) və “Qenday” (müasir) yapon anlayışlarına əsaslanır. Lakin “Kinday” feodalizmi əvəz edən dövr kimi başa düşülür və “yeni dövrün
hüququ” və “ən yeni hüquq” terminlərindən istifadə edən hüquqşunas alimlər Yaponiya cəmiyyətində Meydzi dövründən qalan (1868 il) feodal cəmiyyətə xas olan norma və adətlərin mövcudluğunu qeyd edirlər.
Lakin 60-cı illərin əvvələrindən bu terminlərin isitifadəsi dayandırıldı. Bu isə öz növbəsində iqtisadi inkişafın yüksək olması dövrünə təsadüf etməklə, yeni hüquqi problemlərin yaranması ilə əlaqədar idi. Digər tərəfdən bu, həmin illərdə Yaponiyada şəhər əhalisinin artması, sənayenin inkişafı, elmi-texniki inqilablarla, həyat
tərzinin dəyişməsi ilə, ətraf mühitin çirklənməsi ilə bağlı olmuşdur. Bunların nəticəsində isə “Kindayxo” (Yeni dövrün hüququ) anlayışı müasir Yaponiya hüququnun başa düşülməsi üçün öz əhəmiyyətini və mənasını itirmiş olur. Bunun əvəzinə “müasir hüquq” və “müasirlik” anlayışları daha geniş yayılır.
Bu terminlərin yaranması Yaponiya hüquqşunaslarının Yaponiyanın hüquq sisteminin aktual problemlərinin araşdırılması ilə ciddi məşğul olmalarını sübut edirdi. Eyni zamanda “müasir hüquq” anlayışı yalnız burjua hüququnu əhatə edir.
Beləliklə, yekun olaraq qeyd edə bilərik ki, Yaponiyanın hüquq sistemində hüququn mənbələrinin inkişafına da həm kontinental hüququn, həm də Amerikan hüquq sisteminin elementləri, eyni zamanda Yaponiyada adət hüquq sistemi öz təsirini göstərmişdir. Yaponiya hüquq sistemində hüququn mənbələrini aşağıdakı kimi qruplaşdırmaq olar: 1) Konstitusiya; 2) Statut hüququ; 3) Subordinativ və ya subsidiar hüquq; 4) Beynəlxalq müqavilələr; 5) Presedent hüququ; 6) Sirkulyarlar və Administrativ qaydalar; 7) İnzibati Rəhbər müddəalar; 8) Yerli (lokal) Qaydalar; 9) Adət hüququ; 10) Doktrinalar və ya alimlərin elmi rəyləri. Eyni zamanda, Yaponiyanın hüquq sistemində hüququn mənbələrinin təhlilindən görünür ki, bu ölkənin hüquq sistemi kontinental hüquq sisteminin ənənələrinə əsaslanaraq, ümumi və xüsusi hissəyə bölünür.
1. Azərbaycan Respublikasında hakimiyyətlərin bölünməsi prinsipi, https://huquqsunas.tr.gg
2. Ларионова А.Н. «Движение за свободу и народные права» и первые проекты конституции Японии, https://cyberleninka.ru
3. Международные договоры по правам человека, Общий базовый документ, являющийся частью докладов государств- участников, Япония https://docstore.ohchr.org/
3. Delegated Legislation, https://deakin.libguides.com
4. Election System in Japan, https://aceproject.org/ero- en/regions/asia/JP/election-system-in-japan-free- choice-foundation
5. Elections in Japan, https://en.wikipedia.org/wiki/Elections_in_Japan
6. Family Register Act, https://www.japaneselawtranslation.go.jp/en/laws/ view/2161
Elvar Mirzəələkbər oğlu Xəlilov hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Dillər Universitetinin dosenti
Gundelik.az

