Yale Universitetinin iqtisadçıları tərəfindən hazırlanan yeni hesabatda İlon Maskın siyasi baxışlarının “Tesla” şirkətinə milyardlarla dollarlıq zərər vurduğu açıqlanıb.
Gundelik.az xəbər verir ki, Milli İqtisadi Tədqiqatlar Bürosu (NBER) tərəfindən dərc edilən araşdırmaya əsasən, Maskın 2022-ci ildə “Twitter”i satın alaraq “X” adlandırmasından sonra “Tesla”nın satışları əhəmiyyətli dərəcədə azalıb.
Tədqiqatçılar bu hadisəni “Mask partizan effekti” adlandırıblar. Onların hesablamalarına görə, 2022-ci ilin oktyabrından 2025-ci ilin aprel ayınadək “Tesla”nın ABŞ bazarındakı satış payı 67 faizdən 83 faizə qədər azalıb. Bu, təxminən 1 milyon – 1,26 milyon avtomobil itkisinə bərabərdir.
Hesabatda qeyd edilir ki, Maskın getdikcə daha açıq şəkildə nümayiş etdirdiyi Respublikaçı meyllər Demokrat seçiciləri şirkətdən uzaqlaşdırıb. Ətraf mühitə həssas olan bu alıcıların bir hissəsi rəqib elektrik və hibrid avtomobil istehsalçılarına yönəlib. Nəticədə həmin rəqiblərin satış payı 17 faizdən 22 faizə yüksəlib.
Bundan əlavə, Maskın Donald Tramp administrasiyasında Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik etməsi və Respublikaçılardan aldığı təxminən 300 milyon dollarlıq ianələr də “Tesla”nın ictimai imicinə mənfi təsir göstərib.
Araşdırma həmçinin göstərib ki, “Mask partizan effekti” Kaliforniyanın 2026-cı il üçün sıfır emissiyalı avtomobil hədəflərinə çatmasına da mane olub. Ştatda “Tesla” avtomobillərinin qeydiyyatı 2025-ci ilin üçüncü rübündə 9,4 faiz, bazar payı isə 46,2 faiz azalıb.
Buna baxmayaraq, “Tesla” rəhbərliyi vəziyyətin tədricən stabilləşdiyini bildirir. Şirkətin sədri Robyn Denholm CNBC-yə açıqlamasında Maskın ABŞ hökumətindəki rolu ilə bağlı təsəvvürlərin zəiflədiyini qeyd edib.
Hesabatda əlavə olunub ki, “Tesla”nın robotaksilər, avtonom idarəetmə texnologiyaları və insanabənzər robot layihələrinə diqqət yetirməsi şirkətə qarşı mənfi ictimai rəyi qismən yumşaldıb.
Gundelik.az

