“Gmail” istifadəçilərinə təxminən 183 milyon e-poçt hesabına təsir edən böyük miqyaslı məlumat sızması ilə bağlı xəbərdarlıq edilib.
Gundelik.az xəbər verir ki, sızdırılan məlumatlar təkcə e-poçt ünvanlarını deyil, həm də həmin hesablarla əlaqəli parolları da əhatə edir.
Mütəxəssislərin fikrincə, bu sızma hakerlərə yalnız “Gmail” hesablarına deyil, həmçinin eyni e-poçt ünvanları ilə qeydiyyatdan keçilmiş digər platformalara da giriş imkanı verə bilər.
Hadisənin 2025-ci ilin aprel ayında baş verdiyi bildirilsə də, məlumat sızması bu yaxınlarda “Have I Been Pwned” adlı məlumat pozuntularını izləyən platforma tərəfindən aşkarlanıb.
Platformanın yaradıcısı və kibertəhlükəsizlik mütəxəssisi Troy Hunt bildirib ki, sızdırılan məlumatlar internetin müxtəlif mənbələrindən toplanaraq bir araya gətirilib. Onun sözlərinə görə, bu günə qədər “Have I Been Pwned” 917 fərqli məlumat pozuntusunu və 15 milyarddan çox hesab məlumatını qeydə alıb.
İstifadəçilər öz e-poçt ünvanlarının və ya parollarının bu sızmada yer alıb-almadığını haveibeenpwned.com saytında yoxlaya bilərlər.
Hesab oğurlandıqda nə etməli?
Mütəxəssislər “Gmail” istifadəçilərinə hesab təhlükəsizliyini qorumaq üçün aşağıdakı addımları tövsiyə edirlər:
-
Parolu dərhal dəyişdirin;
-
İki mərhələli şəxsiyyət doğrulamasını (2FA) aktivləşdirin.
Google-un ikiaddımlı doğrulama sistemi hesabların əlavə təhlükəsizlik qatları ilə qorunmasına imkan yaradır. Bu da parolu ələ keçirilmiş hesabların icazəsiz istifadəsinin qarşısını alır.
Kibertəhlükəsizlik mütəxəssisləri son dövrlərdə süni intellekt tərəfindən dəstəklənən kiberhücumların artdığını və bu səbəbdən məlumat sızmalarının daha da yayğınlaşdığını vurğulayırlar.
Gundelik.az

