Avqust 24, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

İllərlə hiss olunmur: Göz sağlamlığını təhdid edən səssiz xəstəlik

Xalq arasında “göz təzyiqi” kimi tanınan qlaukoma illərlə heç bir əlamət vermədən inkişaf edə bilər. Erkən aşkarlanmadıqda görmə sinirində qalıcı zədələnməyə və görmə itkisinə səbəb olur. Xüsusilə açıq bucaqlı qlaukoma uzun müddət simptomsuz inkişaf etdiyi üçün müntəzəm göz müayinələri böyük əhəmiyyət daşıyır.

Göz təzyiqi illərlə səssiz inkişaf edə bilər

Qlaukomanın əlamətləri xəstəliyin növündən asılı olaraq dəyişir. Ən çox rast gəlinən açıq bucaqlı qlaukomada insan uzun müddət heç bir narahatlıq hiss etmir. Bu müddətdə xəstəlik tədricən irəliləyərək görmə sinirində qalıcı zədələnməyə səbəb olur.

Bu səbəbdən xüsusilə risk qrupunda olan şəxslərin heç bir şikayəti olmasa belə, mütəmadi olaraq göz müayinəsindən keçməsi tövsiyə olunur.

Bu əlamətlər qəfil ortaya çıxa bilər

Qapalı bucaqlı qlaukoma isə daha qəfil və nəzərəçarpan simptomlarla özünü göstərir. Şiddətli göz və baş ağrısı, ürəkbulanma, qusma, gözdə qızartı və işıqların ətrafında halələrin görünməsi diqqət edilməli əlamətlər sırasındadır.

Göz xəstəlikləri üzrə mütəxəssis Opr. Dr. Candan Karaca qlaukomonun çox vaxt səssiz inkişaf etdiyini və qalıcı görmə itkisinə səbəb ola biləcəyini bildirərək, xüsusilə açıq bucaqlı qlaukomonun illərlə heç bir əlamət vermədən inkişaf edə biləcəyinə diqqət çəkib.

Kimlər risk altındadır?

Ailəsində qlaukoma olanlar, yüksək dərəcəli miopiya və ya hipermetropiyası olanlar, eləcə də uzun müddət steroid (kortizon) istifadə edənlər daha yüksək risk daşıyırlar.

Mütəxəssislər vurğulayırlar ki, heç bir şikayətin olmaması qlaukomonun olmadığı anlamına gəlmir.

Erkən diaqnoz görmə itkisinə qarşı vacibdir

Qlaukoma nəticəsində yaranan görmə itkisi qalıcı olur. Buna görə xüsusilə risk qrupunda olan şəxslər mütəmadi göz müayinələrini təxirə salmamalıdır.

Daimi müayinələr zamanı göz təzyiqində və görmə sinirində yaranan dəyişikliklər erkən mərhələdə aşkarlanmalı və xəstəliyin inkişafının qarşısını almaq üçün vaxtında tədbir görülməlidir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az