Oktyabr 20, 2026
Baku
Dünya Xəbərlər

İldırım vurdu, qadın sevgilisini iki dəfə həyata qaytardı

ABŞ sakini Eva Broderik ildırım vurduqdan sonra sevgilisi Niki iki dəfə ürək-ağciyər reanimasiyası tətbiq edərək həyata qaytarıb.

Gundelik.az xəbər verir ki, bu barədə “TMJ 4” məlumat yayıb.

Hadisə 2025-ci il avqustun 9-da baş verib. Eva və sevgilisi Nik Ketl-Morən meşəsində gəzintiyə çıxıblar. Lakin yolun sonunda onları qəfil başlayan güclü tufan yaxalayıb. Gizlənməyə yer tapmayan cütlük yollarına davam etmək məcburiyyətində qalıb.

Bu vaxt yağış daha da güclənib. Qəfildən cütlük yüksək uğultu səsi eşidib və yerə yıxılıb. Sonradan məlum olub ki, ildırım ağaca düşüb, elektrik boşalması isə torpaq vasitəsilə onlara da təsir edib.

Eva həmin an bədənini bükərək embrion vəziyyətində uzandığını, əlləri ilə qulaqlarını tutaraq qışqırdığını söyləyib. Daha sonra Nikə tərəf çevriləndə onun göyərdiyini və demək olar ki, nəfəs almadığını görüb. Kişinin gözləri yarıaçıq vəziyyətdə olub.

Eva 911 xidmətinə zəng edə bilib və dərhal sevgilisinə ürək-ağciyər reanimasiyası tətbiq etməyə başlayıb.

Xilasedicilər 50 dəqiqə ərzində onları tapa bilməyiblər

Xilasedicilər zərərçəkənlərin yerini müəyyənləşdirməkdə çətinlik çəkiblər. Rabitənin zəif olması səbəbindən onların harada olduqlarını dəqiqləşdirmək mümkün olmayıb. Axtarışlar təxminən 50 dəqiqə davam edib.

Bu müddət ərzində Eva Nikə iki dəfə reanimasiya tətbiq edərək onun həyatını xilas edib. Xilasedicilər belə hadisələrin nadir hallarda baş verdiyini bildiriblər.

Hadisədən sonra xəstəxanadan evə buraxılan Nikdə vətər problemləri və eşitmə ilə bağlı çətinliklər qalıb.

Sevgilisi ona evlilik təklifi etdi

Başına gələnlərə baxmayaraq, cütlüyün münasibəti daha da möhkəmlənib. Nik həyatını xilas edən Evaya evlilik təklifi edib. Onlar 2026-cı ilin avqustunda ailə qurublar.

Eva bu hadisəni yumorla xatırlayaraq belə deyib:

“Dəfələrlə zarafat etmişəm ki, o, artıq məni tərk edə bilməz. Mən onu o biri dünyadan geri qaytarmışam, ona görə də mənimlə qalmağa məcburdur”.

Qeyd edək ki, daha əvvəl ABŞ-də ildırım vurduğu halda ayağa qalxaraq kömək istəmək üçün qonşusunun evinə gedən kişi haqqında da məlumat yayılmışdı. Həmin şəxs sonradan ildırım vurduğu anda ayaqlarında çox güclü yanma, iynələnmə, keyimə və şiddətli ağrı hiss etdiyini bildirmişdi.

Nuri
Gundelik.az