İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Hüquq müdafiəçiləri: Çin korrupsiya araşdırmasına görə iki jurnalisti saxlayıb

Hüquq müdafiə təşkilatları və fəallar Siçuan əyalətində yüksək vəzifəli məmurun korrupsiyasını ifşa etdikləri bildirilən iki çinli araşdırmaçı jurnalistin saxlanılması ilə bağlı həyəcan təbili çalırlar.
Müstəqil jurnalistlər Liu Hu və Wu Yingjiao hüquq təşkilatlarının bildirdiyinə görə, araşdırmalarını yayımladıqdan sonra bazar günü polis tərəfindən saxlanılıblar.
Tənqidçilər uzun müddətdir Çində media üzərində təzyiqlərlə bağlı narahatlıq ifadə edirlər. Ölkədə hakimiyyət orqanları jurnalistləri tez-tez “problem yaratmaqda” ittiham edərək saxlayır və məhkəmə məsuliyyətinə cəlb edir.
Çenqdu polisi bazar ertəsi açıqlamasında bildirib ki, soyadları Liu və Wu olan, 50 və 34 yaşlı iki kişi “yalan ittihamlar irəli sürmək” və “qanunsuz biznes fəaliyyəti” ilə bağlı istintaqa cəlb olunub.
Çin hökuməti hələlik saxlanılmalar və hüquq müdafiəçilərinin tənqidləri barədə şərh verməyib.
Liu Çində tanınmış araşdırmaçı jurnalistdir. O, daha əvvəl 2013-cü ildə yüksək rütbəli bir məmuru korrupsiyada ittiham etdikdən sonra böhtan şübhəsi ilə həbs olunmuşdu.
2014-cü ildə azadlığa buraxıldıqdan sonra o, araşdırmalarını davam etdirib və hesabatlarını sosial mediada yayımlayıb.
Wu isə tez-tez Liu ilə birgə çalışan şəxs kimi tanınır. Onun adı Liu və digər jurnalistlərin xəbərlər paylaşdığı ictimai WeChat hesabında əməkdaş kimi qeyd olunur.
Çin İnsan Haqları Müdafiəçiləri (Chinese Human Rights Defenders) adlı Çin və beynəlxalq fəal və təşkilatların koalisiyasına görə, Liu bazar günü yaşadığı Çunsin şəhərindən paytaxt Pekinə qatarla getməyi planlaşdırdığı zaman yoxa çıxıb.
Qrupun məlumatına görə, həmin gün Wu da Hebei əyalətində polis tərəfindən saxlanılıb.
Hüquq təşkilatlarının bildirdiyinə görə, jurnalistlərin son hesabatı bir rayon məmurunun korrupsiyada şübhəli bilinən əməllərini üzə çıxarıb.
Artıq WeChat-da tapılmayan həmin yazının başlığında məmurun hərəkətləri nəticəsində müflis olan bizneslərə işarə olunurdu.
Sərhədsiz Reportyorlar (RSF) təşkilatının məlumatına görə, bu həftə həbs edilməzdən əvvəl Liu WeChat-da Çenqdu intizam yoxlaması qurumunun əməkdaşından aldığı bir neçə mesajı paylaşmışdı. Mesajlarda ondan hesabatları mediada dərc etməməsi, bunun əvəzinə hakimiyyət orqanları ilə əlaqə saxlaması tələb olunurdu.
RSF-in təbliğat meneceri Aleksandra Bielakowska bəyanatında bildirib:
“Bu həbs Çinin müstəqil jurnalistikaya qarşı nə qədər məhdudlaşdırıcı və düşmən münasibət sərgilədiyini göstərir.”
O əlavə edib:
“Biz beynəlxalq ictimaiyyəti Çin rejiminə təzyiqləri artırmağa çağırırıq. Çünki münasibətlərin ‘normallaşdırılması’ yalnız repressiyaları gücləndirir və hakimiyyətin etibarlı jurnalistləri hədəf almasına şərait yaradır.”
RSF-in məlumatına görə, hazırda Çində 120-dən çox jurnalist saxlanılır və təşkilat bu ölkəni “dünyada jurnalistləri ən çox həbs edən dövlət” adlandırır.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az