Oktyabr 1, 2026
Baku
Hüquq Müsahibə

Virtual ticarətin görünməyən riskləri qarşısında istehlakçı öz hüquqlarını necə qorumalıdır?

Rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrilməsi alış-veriş mədəniyyətinə də yeni çalarlar gətirib. Artıq bir çox məhsulu mağazaya getmədən, sosial şəbəkələr və müxtəlif onlayn platformalar vasitəsilə sifariş etmək mümkündür. Lakin virtual mühitdə alış-verişin rahatlığı ilə yanaşı, istehlakçının hüquqlarının pozulması riski də mövcuddur. Ödəniş edildikdən sonra məhsulun göndərilməməsi, sifariş ediləndən fərqli və ya qüsurlu malın təqdim olunması, məhsulun elan edilən xüsusiyyətlərə uyğun gəlməməsi, eləcə də satıcının ödənilən vəsaiti geri qaytarmaqdan imtina etməsi istehlakçıların qarşılaşdığı əsas problemlərdəndir.

Belə hallarda istehlakçının hüquqlarını bilməsi və problemin xarakterinə uyğun hüquqi addımlar atması xüsusi əhəmiyyət daşıyır. Çünki hər bir aldadılma halının hüquqi qiymətləndirilməsi eyni deyil. Bəzi hallarda məsələ istehlakçı hüquqlarının müdafiəsi çərçivəsində həll olunduğu halda, digər hallarda əməldə cinayət-hüquqi məsuliyyət yaradan əlamətlər də müəyyən edilə bilər.

Bəs onlayn alış-veriş zamanı aldadılan istehlakçı ilk növbədə hansı addımları atmalıdır? Hansı hallarda məsələ istehlakçı hüquqlarının müdafiəsi, hansı hallarda isə cinayət-hüquqi müstəvidə qiymətləndirilə bilər?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Hüquq Departamentinin müdiri, vəkil Fuad Məmmədov Gundelik.az-ın suallarını cavablandırıb.

 Fuad müəllim, onlayn alış-veriş zamanı istehlakçı aldadılıbsa, məsələn, pul ödəyib, lakin malı almayıbsa və ya sifariş etdiyi məhsul əvəzinə başqa, saxta və yaxud qüsurlu mal göndərilibsə, ilk növbədə nə etməlidir?

– Onlayn alış-veriş zamanı aldadılmış istehlakçı ilk növbədə bütün sübutları qorumalıdır. Instagram, Facebook, TikTok, WhatsApp və digər platformalardakı yazışmalar, satıcının elanının ekran görüntüləri, məhsulun qiyməti və vəd edilən xüsusiyyətləri, satıcının telefon nömrəsi, kart və hesab məlumatları, VÖEN-i, bank ödəniş qəbzi, sifariş və çatdırılma məlumatları, səsli mesajlar, göndərilmiş məhsulun foto və videoları, kuryer sənədləri, satıcının verdiyi çek, qəbz və digər sənədlər silinməməlidir.

Xüsusilə nəzərə almaq lazımdır ki, sosial şəbəkədə yerləşdirilən elan sonradan silinə və ya dəyişdirilə bilər. Buna görə də elanla bağlı ekran görüntüsünün alınması, mümkündürsə səhifənin linkinin və digər məlumatların əvvəlcədən saxlanılması vacibdir.

Əgər problem məhsulun qüsurlu olması və ya sifarişə uyğun gəlməməsi ilə bağlıdırsa, qanunvericilikdə nəzərdə tutulan hallardan asılı olaraq istehlakçı malın dəyişdirilməsini, qüsurun aradan qaldırılmasını, müqavilənin ləğv edilməsini və zərərin ödənilməsini tələb edə bilər.

Satıcı istehlakçının hüquqlarını pozubsa, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etmək də mümkündür. Satıcı könüllü şəkildə pulu qaytarmadığı halda isə məhkəməyə müraciət edilə bilər.

 Bəs hansı hallarda onlayn alış-veriş zamanı baş verən hadisə sadəcə istehlakçı hüquqlarının pozulması deyil, dələduzluq kimi qiymətləndirilə bilər və belə vəziyyətdə istehlakçı hansı hüquqi addımları ata bilər?

– Burada əsas məsələ “aldadılma”nın konkret formasının müəyyən edilməsidir. Çünki qüsurlu malın satılması, sifarişdən fərqli məhsulun göndərilməsi, malın ümumiyyətlə göndərilməməsi və saxta internet mağazası vasitəsilə pulun mənimsənilməsi hüquqi baxımdan eyni vəziyyət hesab edilmir.

Məsələn, şəxs “məhsulu göndərəcəyəm” deyərək əvvəlcədən pul alıb, lakin əvvəldən malı göndərmək niyyəti olmayıb, sonradan əlaqəni kəsib və pulu qaytarmayıbsa, burada əməldə dələduzluq əlamətlərinin olub-olmaması araşdırıla bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə kimi müəyyən edilir.

Belə hallarda şəxs polisə və ya prokurorluğa müraciət edə bilər. Bununla yanaşı, satıcının istehlakçı qarşısında öhdəliyini yerinə yetirməməsi ilə bağlı mülki-hüquqi tələblər də irəli sürülə bilər. Məhkəməyə müraciət zamanı konkret vəziyyətdən asılı olaraq ödənilmiş pulun qaytarılması, malın dəyişdirilməsi, müqavilənin ləğvi, maddi zərərin ödənilməsi və digər qanuni tələblər irəli sürülə bilər.

Bu baxımdan istehlakçının üzləşdiyi vəziyyəti düzgün sənədləşdirməsi və mövcud sübutları qoruması olduqca vacibdir. Çünki rəqəmsal alış-verişdə hüququn müdafiəsi yalnız problemin yaşanması ilə deyil, həmin problemin hüquqi baxımdan əsaslandırılması və sübutlarla təsdiqlənməsi ilə də bağlıdır.

Gundelik.az