İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Hörmüz böhranı Panama Kanalında ticarət axınını dəyişdi, xərclər rekord səviyyəyə çatdı

İranla yaşanan gərginlik və Hörmüz Boğazının faktiki olaraq bağlanması qlobal ticarət marşrutlarında ciddi dəyişikliklərə səbəb olur. Panama Kanalı İdarəsinin (ACP) maliyyə direktoru Viktor Vial bildirib ki, oktyabr ayından bu yana kanaldan keçən gəmilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 300 artıb.

Vial Reuters-ə açıqlamasında qeyd edib: “Yaxın Şərqdə vəziyyət həll olunana qədər bu tendensiyanın davam edəcəyini gözləyirik.” Bildirilir ki, ticarət gəmiləri İran sahillərindəki riskli bölgələrdən yayınmaq və Hörmüz Boğazındakı tıxacı aşmaq üçün marşrutlarını Panama Kanalına yönəldiblər.

Keçid haqları rekord səviyyədə

Hörmüz böhranı səbəbindən Panama Kanalına tələbatın kəskin artması keçid xərclərini də yüksəldib.

Kanalda tətbiq olunan ödəniş sistemi belədir:

Gəmilərin keçid üçün ödədiyi orta rüsum gəminin növünə görə 300 min – 400 min dollar arasında dəyişir.

Əvvəlcədən rezervasiya etməyən və gözləmək istəməyən gəmilər gündəlik keçirilən hərraclara qatılır.

Associated Press-in məlumatına görə, bəzi gəmilər son anda keçid əldə etmək üçün əlavə 425 min dollar ödəyib.

Bəzi neft tankerlərinin isə təcili çatmaq üçün ümumi ödənişin üzərinə 4 milyon dollara qədər əlavə xərc ödədiyi bildirilir.

Hörmüz Boğazında “ikili blokada”

Trafikin Panama Kanalına yönəlməsinin əsas səbəbi Hörmüz Boğazında yaranan “ikili blokada” vəziyyətidir.

Məlumata görə, ABŞ və İsrailin İrana qarşı əməliyyatlarından sonra İran boğazı bağlayıb, ABŞ Hərbi Dəniz Qüvvələri isə aprelin ortalarından etibarən İran limanlarına qarşı öz blokadasını tətbiq edir.

Dünya enerji ticarətinin təxminən 25%-inin keçdiyi bu marşrutun bağlanması neft qiymətlərini bir barel üçün 107 dolların üzərinə çıxarıb və qlobal təchizat zəncirində ciddi pozuntular yaradıb.

Analitiklər hesab edir ki, boğazdakı minaların təmizlənməsi aylar çəkə bilər və bu da Panama Kanalına olan təzyiqi daha da artıracaq.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az